Vladislav Kanevski: Ukraynaya göstərdiyi humanitar yardıma görə dost Azərbaycana dərin minnətdarlığımı bildirirəm

Şadam ki, Azərbaycanda növbəti görüşümüz burada – Bakıdakı aeroportda baş tutub. Azərbaycan buradan Ukraynaya növbəti humanitar yardım göndərir. Ukraynaya bu mühüm humanitar yardımın göstərilməsinə görə dost Azərbaycana, xalqınıza dərin minnətdarlığımı bildirirəm.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakıdan humanitar yardımın ölkəsinə yola salınması mərasimində jurnalistlərə müsahibəsində deyib.

“Müharibənin başlamasından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yardım göndərilib. Buraya müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir”, - deyə diplomat qeyd edib.

V.Kanevski Sumqayıt Şəhər İcra Hakimiyyətinin qardaşlaşmış şəhəri olan Çerkassıya yardım göndərməsinə görə təşəkkürünü bildirərək deyib: “Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhərlərinə nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Biz Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun sarsılmaz olduğuna inanırıq”.

Xudaferin.eu

15:32