Urmulu millət vəkili od püskürdü

 

Nadir Qazipur nazirlər kabinetində türklərin yer almamasını tənqid edib

 

Güney Azərbaycanın Urmu şəhərinin millət vəkili Nadir Qazipur ölkə parlamentində çıxış edərək nazirlər kabinetində türklərin yer almamasını növbəti dəfə tənqid edib. O bu barədə oktyabrın 29-da parlamentdə çıxış edib.

“Ana Yasanın 19-cu maddəsinə əsasən rəng, irq, dil və s. kimi faktorlar üstünlük sayıla bilməz. Belə bir qərar var idi ki, Güney Azərbaycanın bütün bölgələrindən ən azı bir nəfər nazir postu üçün parlamentə təqdim olunsun. Ona görə ki, ölkə əhalisinin yarıdan çoxunu biz Türklər təşkil edirik. Lakin prezident Həsən Ruhani Güney Azərbaycandan kimsəni parlamentə təklif etmədi”- deyə o bildirib.

O Zəngan əyalətindən Müdafiə naziri postuna seçilmiş Əmir Hatəmi ilə bağlı da danışıb. “Zəngan da Güney Azərbaycanın bir hissəsidir. Lakin qeyd etdiyim Güney Azərbaycan əyalətlərindən bir nəfər nazir postuna seçilməli idi. Biz bunu gözləyirdik”- deyə o bildirib.

Nadir Qazipur sözlərinin davamında Urmu gölü məsələsinə də toxunub. “Ana Yasanın 50-ci maddəsinə əsasən ətraf mühiti qorumaq ümumi vəzifə kimi qəbul olunmalıdır. Biz 118 nəfər deputat olaraq artıq son nəfəslərini çəkən dünyanın ikinci duzlu gölü olan Urmu Gölünün canlandırılması ilə bağlı prezidentə ünvanlamaq üçün sual hazırlamışıq, onu parlamentin rəyasət heyətinə təqdim edəcəyik. Bu problem qəbul olunmalı və ona cavab verilməlidir”- deyə o vurğulayıb.

“Qeyri türk bölgələri olan Sistan və Bəluçestan, həmçinin Xuzistan əyalətlərinin də  havasında toz-torpaq var. Bu yöndə hökumət hər il milyonlarla vəsait ayırır. Biz buna heç bir zaman etiraz etmədik. Hər bir bölgənin ekoloji problemlərinin həllində hökumət yaxından iştirak etməlidir. Lakin Azərbaycan əhalisini duz təhdid edir. Azərbaycanın ölümü ilə oynamayın”- deyə millət vəkili xəbərdarlıq edib.

Qeyd edək ki, özünü cəmiyyətdə və dünya birliyi qarşısında islahatçı kimi göstərən və  yenidən İran prezidenti seçilmiş Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını elm, tədqiqat və texnologiyalar naziri istisna olmaqla avqustun 8-də parlamentə təqdim edib. Avqustun 20-də İran parlamenti 5 günlük müzakirələrdən sonra nazir postlarına təklif edilən şəxslərin səlahiyyətini səsə qoyub. Deputatlar energetika naziri postuna təklif edilən Həbibullah Bitərəfdən başqa, siyahıda adı olan bütün şəxslərə etimad səsi veriblər. Hazırda energetika və elm, tədqiqat və texnologiyalar naziri postları boşdur. Azərbaycanlı millət vəkilləri Nazirlər Kabinetində türklər də yer alsın deyə bu postlara türklərin təklif olunmasını dəfələrlə tələb ediblər. Lakin hər dəfə prezident tərəfindən parlamentə təqdim olunan iki namizəddən heç biri türk deyil. Yeni nazirlər kabinetinə seçilmiş 16 nazirdən yalnız Müdafiə naziri Əmir Hatəmi zənganlıdır. Energetika və elm, tədqiqat və texnologiyalar nazirlərinin də qeyri-türk olacağı indidən məlumdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

10:02