Ulu Öndərin 2003-cü ildə xalqımıza verdiyi qələbə formulu artıq gerçəyə çevrilib

İyirmi doqquz il əvvəlki Azərbaycanı yada salarkən həmin dövrün acılarını yenidən yaşamalı olursan: məyusluq, bədbinlik, sarsılmış milli qürur hissi və nicat axtarışı. Torpağı, dədə-baba yurdu işğal olunan, qəbirləri düşmən tapdağı altında qalan, dövlət müstəqilliyini itirmək və qardaş qırğınına sürüklənmək üzrə olan xalqımız bu ağrıları yaşamağa məhkum edilmişdi. Bir illik AXC-Müsavat iqtidarının qoyub getdiyi miras bunlardan ibarət oldu. O zaman hakimiyyət böhranı elə həddə çatmışdı ki, insanlarımız nəinki iqtidara, öz sabahına belə inamını itirmişdi. Xalqımız tarixinin ən ağır dönəmlərindən birini yaşamasına baxmayaraq, toparlana bildi, düşdüyü ağır durumdan yeganə çıxış yolunu, gələcəyinin və dövlət müstəqilliyinin xilasını Heydər Əliyev fenomenini yenidən hakimiyyətə gətirməkdə gördü. Ulu Öndərin 1993-cü il Prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi bu fikirlər o dövrdə yaşanan ictimai-siyasi vəziyyətin ağırlığından kifayət qədər xəbər verir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır... Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev ifadə edib.
Deputat bildirib ki, Ulu Öndərin ölkə rəhbərliyinə gəlişi ilə qardaş qırğınının-vətəndaş müharibəsinin qarşısı alındı, tədricən ictimai-siyasi sabitlik və insanların dövlət idarəetməsinə, dövlət institutlarına öləzimiş inamları bərpa edildi, vətəndaş sabaha yenidən ümidlə baxmağa başladı. Dünya güclərindən bəzilərinin maneə və əngəllərinə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1994-cü il sentyabrın 20-də XX əsrin Neft Kontraktının imzalanmasına nail ola bildi və bununla da ölkəmizin iqtisadi müstəqilliyinin əsası qoyuldu, sosialyönümlü tədbirlərin həyata keçirilməsi üçün imkanlar yarandı, güclü ordu quruculuğuna start verildi. Ən başlıcası, dövlət-vətəndaş münasibətləri qarşılıqlı etimada söykəndi və vətəndaş inanmağa başladı ki, erməni işğalının hədəfə aldığı milli qürur hissimiz mütləq Zəfər çalacaq. Heydər Əliyev tariximizin ən ağır dönəmində dövlət başçısı məsuliyyətini üzərinə götürməklə bir daha sübut etdi ki, kritik məqamlarda tarixi şəxsiyyətlərin rolu, həqiqətən, danılmazdır. Lakin gərgin iş rejimi və həyatına yönələn sui-qəsd cəhdləri Ulu Öndərin səhhətinə təsirsiz ötüşmədi. Hətta bu vəziyyətdə Heydər Əliyev bütün həyatı boyu qəlbən və ruhən bağlı olduğu Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin gələcəyini düşünərək 2003-cü il Prezident seçkiləri öncəsi xalqımıza tarixi müraciətini etdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu tarixi müraciət, əslində, 2020-ci il noyabrın 8-də yaşadığımız Zəfərin 17 il əvvəlcədən verilmiş qələbə formulu idi. Xalqımız öz Xilaskarının çağırışını dəstəkləməklə Heydər Əliyev siyasi kursunun qətiyyətli davamına səs verdi və nümayiş etdirdi ki, ölkəmizdə həmin siyasi xəttə alternativ görmür. Həyat isə sübut etdi ki, Azərbaycan cəmiyyəti 2003-cü ildə-mürəkkəb keçid dövründə etdiyi tarixi seçimində əsla yanılmayıb. Prezident İlham Əliyevin ötən 19 ildəki fəaliyyəti onu da təsdiq edir ki, ümummilli maraqlarımızın qorunması və ümummilli hədəflərə yetişə bilməyimiz baxımından Heydər Əliyev siyasi xəttinin, həqiqətən, alternativi yoxdur. 2018-ci ilin prezident seçkilərindən sonra dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində bu tarixi həqiqəti bir daha vurğuladı: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm... Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd edir ki, ölkənin iqtisadi müstəqilliyinə nail olmadan siyasi müstəqilliyin dayanıqlığını təmin etmək çox çətindir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində atılan addımlar da təsdiq edir ki, dövlətimizin başçısı fəaliyyətində real müstəqilliyə təminat verən bu mütənasibliyin qorunmasına dönmədən xidmət edir. Dünyada baş alıb gedən ikili standartlar təcrübəsinə, bir sıra hallarda siyasi maraqların beynəlxalq hüququn önünə keçməsinə və bunlardan irəli gələn süni maneələrə baxmayaraq, Ulu Öndərin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə - Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə istifadəyə verildi. Bu qlobal layihə qardaş Türkiyə ilə tarixi və təbii müttəfiqliyimizin iqtisadi güc amilinə çevrilməsinə zəmin yaratdı. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı və Azərbaycan əsas qaz ixracatçılarından birinə çevrildi. 2014-cü ildə, məhz sentyabr ayının 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu, Ulu Öndərimizin 1994-cü il sentyabrın 20-də əsasını qoyduğu iqtisadi müstəqillik konsepsiyasının əməli təsdiqi və qətiyyətli davamı demək idi. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin Bakıda, iyunun 12-də isə bu dəhlizin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin Əskişəhərdə açılış mərasimləri keçirildi. Ümumi sərmayə qoyuluşu 40 milyard ABŞ dollarına bərabər olan bu geoiqtisadi layihənin Avropa ilə birləşən hissəsi 2019-cu il noyabrın 30-da işə salındı və 2020-ci il dekabrın 31-də Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanıldı. Prezident İlham Əliyevin xüsusi qürur hissi ilə vurğuladığı kimi, bu tarixi hadisə məhz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə reallaşdırıldı.
Deputat diqqətə çatdırıb ki, ötən illər ərzində yürüdülən müstəqil iqtisadi siyasət dayanıqlı iqtisadi potensialın formalaşdırılmasına imkan verdi. Bunun sayəsində Azərbaycan vətəndaşının, eləcə də qaçqın və məcburi köçkün ailələrinin sosial müdafiəsinə yönələn tədbirlər dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. Şübhəsiz ki, bu illər ərzində cəmiyyətimizin ən böyük arzusu və dövlətdən əsas gözləntisi işğalçı Ermənistan üzərində qələbənin əldə olunması və milli qürur hissimizin xilası ilə bağlı idi. Ordu quruculuğuna sərf olunan milyardlar və 2016-cı ilin Aprel döyüşləri göstərdi ki, torpaqlarımızın işğaldan azad edilməsi Prezident İlham Əliyevin əsas hədəfidir və Ali Baş Komandanımız tarixi missiyasını məhz bu ümummilli vəzifəni yerinə yetirməkdə görür. Məhz həmin səbəbdən 2018-ci ilin Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində dövlətimizin başçısı ölkə ictimaiyyətinə bu cümlələrlə xitab etmişdi: “Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir... Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq”.
“Qalib Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev qəlblərimizdə ucaltdığımız həmin məscidləri artıq Şuşada, Ağdamda, işğaldan azad olunmuş bütün torpaqlarımızda yenidən ucaldır. Qarabağda və Şərqi Zəngəzurda erməni vandalları tərəfindən dağıdılan, yerlə yeksan edilən yaşayış məskənlərimiz də yenidən qurulur. Öz gücümüz, daxili imkanlarımız hesabına. Həqiqətən qürurvericidir ki, müstəqil Azərbaycan dövləti, bütün çətinliklərə baxmayaraq, bu nəhəng işləri özü reallaşdırmaq gücündədir. Ən başlıcası, artıq Azərbaycan vətəndaşı 2020-ci ilin 8 Noyabr Zəfərində ovunan milli qürur hissi ilə deyə bilir ki : “Var Müzəffər imzamız millətlərin imzaları içində”. Bu reallığı görən, bu ali duyğunu ruhən yaşayan hər bir Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi əmin oldu ki, Ulu Öndərin 2003-cü ildə xalqımıza tarixi müraciətində verdiyi qələbə formulu artıq gerçəyə çevrilib”, - deyə Ülvi Quliyev qeyd edib.

Xudaferin.eu

19:57