Ukraynada 3 Azərbaycan diaspor rəhbərini, digərinin isə oğlunu oğurlayıblar

Ukraynada növbəti dəfə azərbaycanlılara qarşı cinayət hadisəsi baş verib və bu dəfə daha geniş miqyasda, daha ciddi hədəfdə baş verib. Ukraynadakı mənbənin azeuronews.com-a verdiyi məlumata görə, bu dəfə hədəf diaspor rəhbərləri və onların övladları olub.

Belə ki, Ukraynanın Kiyev vilayətində yaşayan azərbaycanlı diaspor təşkilatlarından birinin rəhbəri, iş adamı 1969-cu ildə Gürcüstanda anadan olmuş, Xıdır Məmmədov naməlum şəxslər tərəfindən girov götürülüb. Ailəsinin və dostlarının müvafiq qurumlara müraciətləri fayda verməyib və nəticədə iş adamını oğurlayanların tələb etdiyi külli miqdarda pulu ödədikdən sonra onu azad ediblər. O girov qaldığı müddətdə xeyli fiziki işgəncəyə məruz qalıb. Eyni zamanda bu ölkənin Luqansk vilayətindəki diaspor rəhbərlərindən, 1975-ci il təvəllüdlü Təbriz Əfəndiyev də naməlum şəxslər tərəfindən silahla qarşısı kəsilərək girov götürülüb. O da külli miqdarda pul verərək girov götürülənlərdən canını qurtarsa da, ciddi bədən xəsarəti alıb. Bundan başqa Ukraynanın Jitomir vilayətindəki Azərbaycan diaspor rəhbəri, iş adamı Racu Asimov da naməlum şəxslər tərəfindən hücuma məruz qalaraq qaçırılıb. Onunla da bağlı da rəsmi müraciətlər fayda verməyib, amma sonda diaspor rəhbəri fiziki güc tətbiq edərək onların əlindən qaçmağa nail olub. Asimov da girov götürülənlər tərəfindən fiziki təcavüzə məruz qalıb. Bu ölkənin Donetsk vilayətindəki Azərbaycan diaspor təşkilatlarından birinin rəhbərinin Rəşad adlı oğlu da silahlı banda tərəfindən girov götürülüb. Atasının ödədiyi külli miqdarda pul müqabilində o da azad olunsa da, fiziki təcavüzə məruz qalıb, hətta güllə yarası alıb.
Bildirilir ki, azərbaycanlı iş adamlarına və diaspor fəallarına qarşı bu silsilə cinayətləri törədən banda Azərbaycandan, Rusiyadan və Gürcüstandan Ukraynaya toplaşmış bir qruplaşmadır. Ölkədəki azərbaycanlılar bununla bağlı dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etsələr də, hər hansı bir tədbir görülməyib və həmin banda hazırda da azərbaycanlı iş adamlarını bu ölkədə təhdid etməkdə davam edir.

Azeuronews.com

14:29