Ukrayna parlamenti sədrinin birinci müavini: "Zelenskinin Bakıya səfəri iki ölkənin münasibətlərində yeni mərhələdir"

Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi və daha səmərəli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilə bilər.
 
Bu barədə “Report”un Avropa bürosuna Ukrayna Ali Radası (parlamenti) sədrinin birinci müavini Ruslan Stefançuk bildirib.
 
“Bu səfərlə daha ciddi yeniliklərin təməli qoyulacaq. Əməkdaşlığın yeni istiqamətləri hər iki ölkənin prezidentləri tərəfindən həm birgə bəyanatlarda, həm də ikitərəfli görüşlər zamanı açıqlanıb. O cümlədən qarşılıqlı sərmayə yatırımları, “SOCAR Ukraine”nin fəaliyyətinin daha da genişləndirilməsi, həmçinin diplomatik, iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün hədəflər müəyyənləşdirilib. Ən əsası isə Ukrayna prezidenti Bakıda Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, işğalı pislədiyini açıqladı. Əslində Ukrayna xalqı da münaqişənin ağrı-acısını yaşadığı üçün biz bu problemləri yaxşı başa düşürük. Bu baxımdan da Zelenskinin Bakıya səfəri iki ölkə münasibətlərinin tarixində mühüm hadisəyə çevrildi”, - R.Stefançuk deyib.

12:25