Ukrayna mətbuatı: Azərbaycan Cənubi Qafqazda Ukraynanın yeganə müttəfiqidir

Ukraynanın Gazeta.ua portalında analitik, professor Taras Kuzonun “Azərbaycan Cənubi Qafqazda Ukraynanın yeganə müttəfiqidir” sərlövhəli məqaləsi dərc edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın Ukraynaya səmimi dost münasibətindən geniş bəhs edilib.

Müəllif qeyd edir ki, Azərbaycan fevralın 24-dən sonra Ukraynanın ən yaxın müttəfiqi olduğunu bir daha göstərdi.

“Ermənistan ənənəvi olaraq rusiyapərəstdir və Rusiyanın rəhbərlik etdiyi bütün Avrasiya təşkilatlarına qoşulub. Rusiya Federasiyası Ermənistandakı hərbi bazalarını genişləndirir. 2014-cü ildən İrəvan Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləyib”, - deyə Taras Kuzo məqaləsində yazır.

Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan, Türkiyə və Qazaxıstan beynəlxalq hüququ, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanın Krımın ilhaqını və “DXR” və “LXR”-in “müstəqilliyini” tanımasını rədd edir. Azərbaycan dünyada yeganə ölkədir ki, Rusiya və İranla həmsərhəddir və balanslaşdırıcı amil kimi Qərblə münasibətlərini fəal şəkildə genişləndirməyə çalışır.

Azərbaycanın Ukraynaya yardımı 15 milyon avro təşkil edir. Əksinə, Gürcüstan çox az - 315 min avro yardım edib. Azərbaycanın dövlət neft şirkəti SOCAR Ukraynadakı 57 yanacaqdoldurma məntəqəsində təcili yardım maşınları, humanitar yardım maşınları, əkinçilik və Ukrayna hərbçiləri üçün pulsuz olaraq 100 ton yanacaq verib. Azərbaycan Moldovaya keçən ukraynalı qaçqınlara 170 ton tibbi yardım və ərzaq yardımı edib.

Müəllif vurğulayır ki, Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı Ukraynanın geosiyasi maraqlarına uyğundur. Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Kiyevə güclü diplomatik dəstək verir və Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasını pisləyir, külli miqdarda humanitar yardım göndərir.

Rusiyanın Ukraynaya təcavüzü və Ukrayna xalqının soyqırımı Ukraynanın əsl strateji müttəfiqlərinin kim olduğunu göstərdi. Bunlar Türkiyə, Polşa, üç Baltikyanı ölkə, Rumıniya, Skandinaviya ölkələri, ABŞ və Böyük Britaniya ilə birlikdə Azərbaycandır.

Emil Hüseynli

Xudaferin.eu

16:41