Türkiyənin yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub

Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın oktyabrın 8-də müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xudaferin.eu

23:13