Türkiyənin Rusiyadakı səfiri: Qarabağ zəfərini Azərbaycan xalqı ilə bərabər bayram edirik

Başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə münasibətilə təbrik edirəm.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar jurnalistlərə söyləyib.
“Otuz il işğal altında qalmış Qarabağ torpaqlarının təkrar ana Vətənlərinə qovuşması üçün canlarını fəda etmiş şəhidlərin ruhuna ehtiramımı bildirirəm. Azərbaycan xalqının böyük Lideri Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə 44 günlük savaşın ilk günündən Azərbaycana hərtərəfli dəstək oldu və hər zaman dəstək olacağını söyləmişdi. Qazi Mustafa Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Qarabağ torpağının otuz il işğal altında olması Azərbaycan xalqı kimi, türk xalqının da qəlbində bir yara idi. Bu gün Türkiyə Qarabağ zəfərini Azərbaycan xalqı ilə bərabər bayram edir. Başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm”, - deyə M.Samsar bildirib.
Diplomat əlavə edib ki, hazırda Türkiyə qardaş Azərbaycanı həm diplomatik, həm də iqtisadi sahələrdə dəstəkləməkdə davam edir.
Fəridə Abdullayeva

Xudaferin.eu

23:26