Türkiyənin “A Haber” telekanalı Qarabağın işğaldan qurtuluşu mövzusunda xüsusi reportaj yayıb

Milli kimliyimizin təsdiqi, qürurumuzun yüksəlişi olan Qarabağ Zəfəri qardaş Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin ən aktual mövzusu olaraq qalmaqdadır.

 ​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, fevralın 6-da “A Haber” telekanalında yayımlanan “Qarabağ 32 ildən sonra əsarətdən xilas edildi” sərlövhəli xüsusi reportaj da bu mövzuya həsr olunub.

Döyüş səhnələri də daxil olmaqla real kadrlar əsasında hazırlanmış reportajda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şərəfli Qələbənin təfərrüatlarından bəhs olunub. Reportajda 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin çıxışlarından sitatlar verilib. “Qarabağ Azərbaycandır!” şüarı əsasında bir daha türkdilli ictimaiyyətin diqqətinə çatdırılıb ki, Azərbaycanı qətiyyətli qələbəyə aparan yol möhkəm siyasi iradə, qətiyyətli mübarizə yolu, xalqın birliyi və Türkiyənin siyasi-mənəvi dəstəyidir.

Böyük qələbədən sonra Bakıda keçirilən hərbi parad və bu yüksək tribunada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından məqamlar da reportajda əskini tapıb.

Sabir Şahtaxtı

Xudaferin.eu

15:43