Türkiyəli ekspert: Laçının mərkəzində Azərbaycan Bayrağının qaldırılmasını görməkdən qürur duyduq

Laçının qayıdışı xeyirli olsun. Azərbaycanın nə qədər güclü olduğunu qazandığı uğurlar müqabilində hər birimiz gördük. Laçının qayıtması ilə biz Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının bir daha şahidi olduq. Türkiyə ictimaiyyəti olaraq Azərbaycan Bayrağının Laçının mərkəzində qaldırılmasını görməkdən böyük qürur duyduq. Bu, bütün türk dünyası üçün qürur günündür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuz Aslan deyib.
44 gün davam edən Vətən müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixində imzalanmış Bəyanatın ən diqqət çəkən nöqtələrindən birinin də Laçın ilə bağlı əldə olunan razılıq olduğunu deyən ekspert bildirib: “Bəyanata əsasən, qeyd edilən bölgələrdə müvəqqəti olaraq Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi ki, bununla da ermənilərin bölgədə keçidlərini açıq saxlamaq üçün bir dəhliz yaradıldı. Bu, onu göstərir ki, Azərbaycan tərəfi adıgedən Bəyanatın müddəalarını yerinə yetirir və qarşı tərəfin də bu müddəalara uymasını tələb edir. Laçın dəhlizi həm də Zəngəzur dəhlizinin açılması üçün atılan ən vacib addımlardan biri idi. Yəni, Azərbaycanın Laçın dəhlizini açıq saxlamasının qarşısında Ermənistan müddəalara əməl edərək Bakı-Naxçıvan arasında bağlantı olacaq Zəngəzur dəhlizini açmağa məcburdur. Zəngəzur dəhlizinin açılması Qarabağda sabitliyin qorunması baxımından da vacibdir. Hamımıza bəlli olduğu kimi, ermənilər boşaltdıqları əraziləri yandırır, oraları xarabalığa çevirməyə çalışırlar. Bu cür təxribatların təkrarlanmaması, yəni, Qarabağın təhlükəsizliyi üçün də Zəngəzur dəhlizi çox vacibdir. Əks halda Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan istər hərbi, istərsə də diplomatik yollarla Ermənistanın hər bir təxribatına cavab verəcək gücə malikdir”.

Günel Məlikova

Xudaferin.eu

17:01