Türkiyəli alim: Azərbaycan parlamentində Şuşa Bəyannaməsinin təsdiqlənməsi Qarabağ Zəfərinin nəticəsidir

Bu günlərdə Azərbaycan parlamentində təsdiqlənən Şuşa Bəyannaməsi Qarabağ Zəfərinin məntiqi nəticəsidir. Türkiyə ilə Azərbaycan arasında minilliklərə dayanan tarixi qardaşlıq Şuşa Bəyannaməsi ilə yeni zirvələrə yüksələrək müttəfiqlik səviyyəsinə çatıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədr müavini doktor Sinan Demirtürk ifadə edib.

Türkiyənin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini heç zaman qəbul etmədiyini və Qarabağ Zəfərindən sonra Ermənistanla normallaşmanı ölkəmizin xarici siyasətinə uyğun həyata keçirdiyini diqqətə çatdıran alim deyib: “Həm keçmiş Qarabağ məsələsində, həm Qafqazdakı bütün proseslərdə, həm də Türkiyə və Azərbaycanın ortaq maraqlarının təmin edilməsində Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə malik sənəddir”.

Azərbaycan və Türkiyə parlamentlərinin bu Bəyannaməni təsdiqləməsinin müttəfiqliyimizin dünyaya bəyan edilməsi olacağını vurğulayan doktor Sinan Demirtürk əminliklə bildirib ki, bu sənəd, eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı maraq doğuran proseslər çərçivəsində əməkdaşlıq əlaqələrini yeni məcraya yönəldəcək. Qarabağ Zəfəri regionda normal inkişaf tərzini qəbul edən bütün tərəfləri inkişaf və tərəqqi yolunda əməkdaşlığa çağırır.

 

Sabir Şahtaxtı
Xudaferin.eu

16:14