Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin əsərlərinin sərgisi açılıb

 

Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin yaradıcılığına həsr edilən beynəlxalq elmi konfrans keçirilib və şairin Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan əsərlərindən ibarət kitab sərgisi açılıb. Tədbir Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif İli” elan etməsi çərçivəsində təşkil edilib.

Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbirdə, həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatları olub. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu və digər dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri Azərbaycan Milli Kitabxanasının fondunun kitabları əsasında təşkil edilən, şairin zəngin həyat və yaradıcılığını əks etdirən geniş sərgi ilə tanış olublar.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş “Molla Pənah Vaqif İli” çərçivəsində keçirilən tədbirlərdən danışıb. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini, bu sahədə TÜRKSOY-un üzərinə daha çox vəzifələr düşdüyünü bildirib.

Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu Molla Pənah Vaqifə həsr edilmiş tədbirlərin işğal olunmuş və türk dünyasının mədəniyyət beşiyi olan Şuşada keçirilməsini arzulayıb.

TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışan nazir bu əsərlərin bütün Türk Dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildirib.

Qazi Universitetinin müəllimi Aysun Demirez Güneri şairin dilinin sadəliyindən, özünəməxsus üslubundan danışıb, yaradıcılığını təhlil edərək Azərbaycan türklərinin ənənələrini yaşatdığını, şeirləri ilə Azərbaycan ədəbi dilini zənginləşdirdiyini vurğulayıb. O, həmçinin təqdim olunan kitabların əhəmiyyətindən danışaraq, hər üç nəşrin böyük türk dünyası üçün önəmli tədqiqat əsəri olduğunu söyləyib.

Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Başın, yazıçı-tədqiqatçı Songül Dündarın şairin yaradıcılığı haqqında məruzələri dinlənilib.

Sonda Kərim Tahirov Milli Kitabxananın nəşri olan “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabında 20-dək dildə çap olunmuş əsərlər haqqında materialların toplandığını söyləyib, xalqımızın, böyük türk dünyasının ortaq mədəniyyətinin təbliği istiqamətində hər kəsə uğurlar arzulayıb. Tədbirboyu Şəms Ələkbərova, Özgür Bacaksız və Muradcan Çətinqaya M.P.Vaqifin şeirlərini səsləndiriblər. Aşıq Səlahəddin Dündarın ifasında mahnılar dinlənilib. TÜRKSOY təşkilatı tədbir iştirakçılarına təşəkkürnamə təqdim edib.

Xudaferin.eu

Türkiyə, "Ankara Bürosu"

 

10:07