Timur Söylemez: Hər zaman olduğu kimi, bu gün də Can Azərbaycanla birlikdəyik

Ankaranın Esenboğa Hava Limanının uçuş ekranlarında “Füzuli” yazısını görmək insanın qəlbində çox xoş hisslər oyadır. Təbii ki, bu, başlanğıcdır. Bunun davamı gələcək. Bölgə tam yenidən qurulduqdan və vətəndaşlar öz yurd-yuvalarına qayıtdıqdan sonra oralara turist səfərləri də, iqtisadi yatırımlar da başlayacaq. Hər zaman olduğu kimi, bu gün də Can Azərbaycanla birlikdəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədən Qarabağa səfər edən nümayəndə heyətinin üzvü, Türkiyənin Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş müdiri Timur Söylemez ifadə edib.
Səfərin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən Timur Söylemez deyib: “Çox həyəcanlıyıq. Türkiyənin Xarici İşlər Nazirliyi olaraq 26 nəfərdən ibarət böyük bir heyətlə yola düşürük. Füzulini, xüsusilə Şuşanı ilk dəfə görəcəyimiz üçün çox həyəcanlıyıq. O bölgələrin tarixini, hər birimiz üçün nə qədər vacib olduğunu bilirik. Mədəni, siyasi, iqtisadi və bir çox baxımdan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq, ölkələrimiz arasındakı ittifaq hər birimiz üçün çox vacibdir. Bu münasibətlərin hər ötən gün daha da inkişaf etdirilməsinin həyəcanını yaşayırıq. Təbii ki, indi gənc dostlarımızla şəxsən o yerlərə gedib həm Füzuli Beynəlxalq Hava Limanını, həm Şuşanı görmək, bu coşqunu birlikdə yaşamaq çox həyəcanvericidir. Çox xoşbəxtik və tez bir zamanda orada olmaq istəyirik”.

Günel Məlikova

Xudaferin.eu

20:40