Təhsil (Finlandiya modeli) Azerbaijan vision 2025

Azərbaycanda təhsil sistemi faktiki olaraq, tam çürümək üzrədir. Ona görə ki, dövlət və özəl təhsil sektoru arasında dərin uçurumlar yaranmışdır. 1992-ci ildə qəbul edilmiş təhsil haqqında qanuna görə, ölkədə dövlət sektorunda təhsil alanların 75 faizi dövlət hesabına, 25 faiz isə pullu təhsil olmaqla ali təhsil ocaqlarına maddi yardım mahiyyəti daşımışdır. Ötən 23 ildə YAP iqtidarının apardığı təhsil siyasətinin nəticəsi olaraq, bu gün dövlət təhsil sektorunda ali təhsil alanların 75 faizi pullu, 25 faizi isə pulsuz sektor kimi qəbul edilməkdədir. Beləliklə bu sektorda “təhsil mafiyası” adlı dəhşətli qorxulu bir düzən yaranmışdır. Bu fəsadları nəzərə alaraq, təhsil haqqında islahatlara gedilməsi  vacib bir prosesdir. Ona görə də yeni təhsil islahalatlarının necə aparılması barəsində peşəkar diplomat Arif Məmmədovun tezislərini dəyərli oxucularımıza təqdim edirik. Arif Bəyin təklif etidiyi ideya isə, artıq “Bolonya modeli” deyil, “Finlandiya sistemi”dir .

Təhsil islahatları proqramının başlıca tərkib hissəsi

Мəktəblilər üçün təhsil dövlət əsaslı olmalıdır və Milli Fond tərəfindən maliyyələşməlidir. Azərbaycanın bütün vətəndaşları eyni təhsil hüququna malik olmalıdır.
Ölkədə yalnız ictimai məktəblər fəaliyyət göstərməlidir.
Özəl məktəblər yalnız hər hansı fiziki məhdudiyyəti olan uşaqlar üçün fəaliyyət göstərməli və həmçinin dövlət tərəfindən maliyyələşməlidir. Təhsil sistemi köklü şəkildə islahat olunmalıdır, lakin bu islahatlar bir neçə mərhələdə həyata keçirilməlidir ki, ölkənin mövcud müəllim heyəti yeni sistemə uyğunlaşa bilsin.
Ən mükəmməl sistem - fin təhsil sistemidir. Bu sistem son illərdə dünyada ən yaxşı sistem olaraq tanınır və bir çox ölkələr tərəfindən öyrənilir.
Finlyandiya hökuməti hər il hər bir şagirdə 7.5 min dollar maliyyə vəsaiti xərcləyir. Bu yüksək göstərici deyil. ABŞ-da bu məbləğ 8.6 min dollardır. Halbuki təhsilin səviyyəsinə görə ABŞ dünyada 22-ci yerdə qərarlaşıb.

Müəllimlərin statusu

Fin təhsil sisteminin əsasında cəmiyyətdə ən ali peşə hesab edilən müəllimlik statusu durur. Müəllimlərin məvacibi həmçinin ən yüksək şkala üzrə qiymətləndirilir. Ölkənin bütün universitetlərinə ən yüksək keçid balı da məhz pedaqoji universitetlərədir. 1 yerə 10 nəfərdən artıq iddia edir.
Müəllimlik peşəsi hüquqşünas və ya həkim peşəsindən daha prestijli hesab olunur. Bu ölkənin təcrübəsinə uyğun şəkildə təhsildə islahatların aparılması üçün Finlyandiyadan bir qrup mütəxəssisin dəvət olunması məqsədəuyğun olardı. Fin təcrübəsinin tətbiqinə hazırlıq mərhələsi 3-5 il zaman apara bilər.

Təhsil 11 və 12 illik ola bilər.

İki xarici dilin öyrənilməsi mütləq olmalıdır. Birinci xarici dil II sinifdən, ikinci xarici dil IV-V sinifdən öyrənilməlidir. VIII sinifə qədər təhsil ümumi olmalıdır. Daha sonra aşağıdakılara bölünməlidir:
- akademik yönüm
- texniki peşə yönümü.
Gələcəkdə universitet təhsilinin alınmasına daha böyük şans verəcək texniki peşə təhsilinə xüsusi diqqət yetirilməlidir. Dərslərdə stress sıfır səviyyəsində olmalıdır. Ev tapşırıqları verilir, lakin yoxlanılmır. VIII sinifə qədər qiymətlər həmçinin təqdim olunmur. Praktiki olaraq müəllim özünü şagirdlərlə eyni səviyyədə tutur və onlara düzgün düşünməyə, qərar qəbul etməyə yardımçı olur. Dərs vaxtı müəllim sinifə qarışır və şagirdlərə öz fikirlərini çatdırır. Dərslər müzakirə xarakteri daşıyır, yəni hər bir şagird sinifdə yaradalan kiçik (5-6 nəfərlik) qrupda müzakirələrdə iştirak edir ve grupları dərsdən dərsə dəyişir. Məktəb yeməkləri, fasilə zamanı meyvələr və s. pulsuz olmalıdır.

Universitetlər :

Universitetlər eyni zamanda ölkənin elmi-texniki və innovasiya mərkəzləri olmalıdır.  Hərbiçilər və onların övladları üçün təhsil ödənişsiz olmalıdır. Digərləri üçün (Milli Fondun daxilində yaradılmış xüsusi faizsiz təhsil kredit xətti əsasında) ödənişli ola bilər. Təhsil haqqı Universiteti bitirmis qənc tərəfindən işə başlayandan sonra 2-5 il ərzində fondun hesabına ödənilir.

P.S. Əgər Azərbaycanda təhsil sektorunda islahatlara gedilərsə, 2025-ci ilə qədər bu sahədə çox ciddi addımlar atılarsa, o zaman təhsil sektorundə inqilab etmək mümkün ola biləcəkdir. Təhsil sektorunda islahatlara gedilməzsə, o zaman Azərbaycanın gələcəyi Afrikadakı geri qalmış ölkələrin durumu yaşanılacaqdır. Bu da öz növbəsində Azərbaycanın bir dövlət və xalq olaraq, mövcudluğu sual altında qalacaqdır. Unutmaq olmaz ki, təhsil bir dövlətin və millətin ən böyük sərvətidir. 

Arif Məmmədov

12:05