Təbrizdə tutuqlamalar davam edir

Güney Azərbaycanın başkəndi Təbrizin baş prokurorluq müavini dəblə geyinmək və Tehran mollakratiya rejiminin yasaq etdiyi “yeraltı musiqi” adını almış fəaliyyətlərlə məşğul olan 10 nəfər, o cümlədən 4 qadın model, 2 fotoqrafçı və 4 müğənninin nəzarət altına alındığını bildirib. Təbriz şəhər baş prokurorluğu hələlik tutuqluların adlarını gizli saxlamağı vacib bilib.

Tehran mollakratiya rejiminin rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, prokuror Əhməd Müvəqqəri “qeyri-münasib geyim və kosmetika reklamı ilə əlaqədar nəzarət altına alınan 4 qadın model və 2 kişi fotoqraf haqqında məhkəmə dosyesinin açıldığını” bildirib. Müvəqqərinin bildirdiyinə görə, nəzarət altına alınanlar hazırladıqları reklamları “Telegram” kanallarında yayıblar. Qeyd edək ki, “Telegram” İranda ən geniş istifadə edilən ani mesajlaşma sistemdir.
Baş prokuror müavini bildirib ki: “Telegram”da video, səs və şəkil yayımlamaq xidmətlərinin hamısı bir yerdə istifadəçilərə verildiyi üçün bu kimi ziyanlara səbəb ola bilir.”
“Fars” xəbər agentliyi isə “yeraltı musiqi” sahəsində fəaliyyət göstərən 4 müğənninin həbs edildiyi haqda məlumat verib. İranda yasaqlanmış və gizli şəkildə ifa edilib yayımlanan musiqi növlərinə "yeraltı musiqi" deyilir. Onu da bildirməyi vacib bilirik ki, faktiki olaraq, farsların yaşadıqları bütün bölgələrdə dəbli geyim və “yeraltı musiqi” sahəsində hər hansı bir yasaqlıq yoxdur. Həmin bölgələrdə modern sənət aləmi yüksək sürətlə inkişaf edir. Güney Azərbaycana gəldikdə isə, bütün bunlar dolayı yolla yasaq edilir. Hətta vətəndaşlar tutuqlanırlar da.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

10:56