Taqib Şaker: Erməni işğalçılarının Qarabağda törətdiyi vandalizm məndə onlara qarşı kəskin qəzəb hissi doğurdu

Erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Qarabağda törətdiyi vandalizm məndə onlara qarşı kəskin qəzəb hissi doğurdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzetinin bu yaxınlarda Qarabağa səfərdən qayıtmış əməkdaşı Taqib Şaker qəzetin yaydığı məqaləsində yazıb. “Azərbaycanın iki üzü” sərlövhəli məqalədə müəllif səfər zamanı qarşılaşdığı təzadlarla bağlı fikirlərini malayziyalı oxucularla bölüşüb. Bildirib ki, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən səfərin əsas məqsədi cari ildə 30-cu ildönümü qeyd edilən Xocalı soyqırımı ilə bağlı tədbirlərə qatılmaq idi.
Müəllif Bakıya ilk səfəri zamanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tanış olduğu yaponiyalı yutuber Kazuyasu İşida ilə birlikdə şəhərin müasir mənzərələrini seyr edərək mərkəzdə yerləşən otelə gəldiklərini qeyd edir. Otelə yerləşdikdən dərhal sonra ətrafla tanış olmaq üçün gəzintiyə çıxdıqlarını bildirir. İlkin olaraq da gəzinti üçün Bakının mərkəzi küçəsi hesab edilən Nizami küçəsinə getdiklərini qeyd edir. Bildirir ki, həmin küçə dünyaca məşhur Azərbaycan şairi, 1141-ci ildə Gəncədə anadan olmuş Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin əsərlərinin Malayziyada da yaxşı tanındığını, onun “Leyli və Məcnun” poemasının isə dünyanın ən qədim və məşhur məhəbbət hekayələrindən biri olduğunu xatırladır. Təəssüflə bildirir ki, dünyada Nizami Gəncəvinin məhz Azərbaycan xalqının nümayəndəsi olduğunu bilənlər azdır.
Bakının gözəlliklərinə heyran qalan T.Şaker onu London ilə müqayisə edərək, Azərbaycan paytaxtının öz möhtəşəm arxitekturası ilə Avropa şəhərləri ilə bir sırada durduğunu qeyd edir. Həmçinin şəhərin küçələrinin onu öz təmizliyi ilə təəccübləndirdiyini vurğulayır. Yerli sakinlərin də qonaqpərvərlikləri və səmimilikləri ilə seçildiyini qeyd edir. Şəhər küçələrində hərəkət edən avtomobillərin sayının çoxluğuna diqqət çəkən malayziyalı jurnalist buna baxmayaraq, sürücülərin yüksək mədəniyyətləri ilə seçildiklərini, qaydalara ciddi əməl etdiklərini və avtomobillərin əksəriyyətinin dünyanın aparıcı şirkətlərinin istehsalı olduqlarını bildirir. Vurğulayır ki, Azərbaycanda səfərdə olduğu müddətdə bir dəfə də olsun yol-hərəkət hadisəsi ilə qarşılaşmadı.
Müəllif səfərin ikinci günü Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra erməni işğalından azad etdiyi Qarabağa yola düşdüklərini qeyd edir. Yol çox rahat olduğuna görə təqribən 5 saata yaxın davam edən hərəkət zamanı o qədər də yorğunluq hiss etmədiklərini bildirir. Yol boyu qarşılaşdıqları yanacaq doldurma məntəqələrində səyyahlar üçün hər cür şərait yaradıldığını vurğulayır. İşğaldan azad edilmiş ərazilərə çatdıqda isə hələ də ərazinin minalardan təmizlənməsinin davam etməsi səbəbindən buraya girişə ciddi nəzarət olunduğunu qeyd edir. Azərbaycan polislərinin onları gülərüzlə qarşıladıqlarını, pasportlarını sürətlə yoxlayaraq yola saldıqlarını diqqətə çatdırır.
T.Şaker nəzarət məntəqəsini keçdikdən sonra qarşılaşdıqları dağıntıların onlara fərqli təsir bağışladığını, qarşılarında tamamilə özgə Azərbaycanın açıldığını ürək ağrısı ilə qeyd edir. Əvvəlki görüntülərin onlara Avropanı xatırlatdığını, hazırda qarşılarında açılan mənzərənin isə yalnız müasir Suriya ilə müqayisə oluna biləcəyini qeyd edir. Bildirir ki, gördükləri yaşayış məntəqələri hətta Suriyadan da dəhşətli vəziyyətə salınmışdı. Vurğulayır ki, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Qarabağda törətdiyi vandalizm məndə onlara qarşı kəskin qəzəb hissi doğurdu. Buna qədər ermənilərin işğal altında saxladığı torpaqlarda törətdikləri vəhşiliklər barədə kifayət qədər məlumatlı olmadığını qeyd edir. Bütün evlərin, dini və tarixi abidələrin tamamilə məhv edildiyini malayziyalı oxucuların diqqətinə çatdırır.
Müəllif Azərbaycan hökumətinin vətənpərvərliyinin və doğma torpaqlara sevgisinin nəticəsi kimi, azad edilmiş ərazilərin bərpasına milyardlarla rinqit vəsait ayırdığını qürur hissi ilə vurğulayır. Bildirir ki, əraziyə çox qısa müddətdə uzunluğu 100 kilometrdən çox olan asfalt yol çəkilib. Yeni aeroportların və digər infrastrukturun tikintisinə başlanıb. Azərbaycan rəhbərliyinin azad edilmiş ərazilərdə həyata keçirdiyi nəhəng layihələr, səfər zamanı qarşılaşdığı digər məqamlar barədə növbəti məqalələrində bəhs edəcəyini qeyd edən T.Şaker malayziyalı oxucuları bu yazıları diqqətlə izləməyə çağırır.

 

Vüqar Ağayev

Xudaferin.eu

15:10