Tacikistanın “faraj.tj” portalında Azərbaycan Ordusunun Aprel döyüşləri ilə bağlı məqalə yerləşdirilib

Tacikistanın “faraj.tj” portalında Azərbaycan Ordusunun Aprel döyüşləri ilə bağlı tacik dilində “Azərbaycanın Aprel qələbəsi: böyük qayıdışın başlanğıcı” sərlövhəli məqalə verilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun Aprel qələbəsindən altı il keçdiyi bildirilir. Qeyd olunur ki, Aprel döyüşlərində Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisini düşmən tapdağından azad edib. Azərbaycan Ordusunun zərbələri nəticəsində düşmənin 30 tankı, 25 artilleriya qurğusu və digər texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq əsgər və zabiti yaralanıb. Əməliyyat nəticəsində Ağdərə-Madagiz yoluna nəzarət ələ keçirilib, Talış kəndi yaxınlığındakı yüksəkliklər, həmçinin Seysulan məntəqəsi azad edilib, Füzuli istiqamətindəki Lələtəpə yüksəkliyi nəzarətə götürülüb.

Bildirilir ki, Aprel döyüşləri böyük Qələbəyə aparan mühüm addım oldu və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə qazanılan təcrübə 44 günlük İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün bir məşq oldu, Azərbaycan torpaqları erməni işğalından azad edildi.

Məqalədə qeyd olunur ki, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin üçrəngli bayrağının Lələtəpə yüksəkliyində, Şuşada və digər azad olunmuş ərazilərdə dalğalanmasından qürur duyur.

Qulu Kəngərli
Xudaferin.eu

13:37