Tacikistan portalı insanlıq əleyhinə yönələn erməni vandalizmindən yazıb

Tacikistanın “faraj.tj” portalında erməni vandalizmindən bəhs edən “İnsanlıq əleyhinə yönələn erməni vandalizmi” sərlövhəli geniş məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə ermənilərin 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı apardığı məkrli siyasətin, tarixi, dini abidələrin, müqəddəs məkanların və məbədlərin dağıdılmasının, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə maddi-mədəniyyət nümunələrinin məhv edilməsinin, tarixi-dini abidələrin yer üzündən silinməsinin bu terrorçu dövlətin işğalçılıq siyasətinin tərkib hissəsi olduğu bildirilib.

Qeyd olunub ki, 1991-1994-cü illərdə Ermənistanın ölkəmizə qarşı təcavüzü zamanı Azərbaycanın Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Cəbrayıl rayonları işğal edilib. Hərbi təcavüz nəticəsində 20 min insan həyatını itirib, 4866 insan əsir götürülüb və ya itkin düşüb. Müharibə nəticəsində təxminən 100 min nəfər yaralanıb, onlardan 50 mini əlil olub.

Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi , evlər, sənaye və kənd təsərrüfatı, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri, avtomobil yolları, körpülər, elektrik xətləri və sair dağıdılıb.

Məqalədə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdiyi bildirilib. Bu müharibə günlərində də ermənilərin şəhər və kəndlərimizi - Gəncə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Beyləqan, Ağdam və Füzulini raketlərdən atəşə tutduğu, tarixi və dini abidələrimizin dağıdıldığı vurğulanıb.

Qulu Kəngərli
 

Xudaferin.eu

16:39