Tacikistan nəşrində Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıq haqqında məqalə dərc olunub

Tacikistanın populyar “Faraj” qəzetinin saytında Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıq haqqında məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə cari ilin sentyabr ayında Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilməsi tacikistanlı oxucuların diqqətinə çatdırılır. Birinci Qarabağ müharibəsi dövründə erməni hərbi qulluqçular burada azərbaycanlıları kütləvi şəkildə basdırıblar. Məzarlıqda 12 nəfərin nəşi aşkar edilib.

Qeyd olunur ki, cəsədlərlə birlikdə aşkar edilmiş paltarlar həmin insanların hərbçi olmasına sübutdur. Onların əlləri və ayaqları məftil və kəndirlə bağlanıb.

Qəzet xatırladır ki, Edilli kəndində aşkar edilmiş bu növbəti məzarlıq ermənilərin azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsinə və kütləvi şəkildə basdırmasına sübutdur. Bu il fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir və Əlcəzairdən olan 26 jurnalist həmin kənddə aşkar edilmiş birinci məzarlıqda erməni vandalizmin izlərinin şəklini çəkiblər.

Daha sonra bildirilir ki, Xocavənd rayonunun Edilli kəndinin ərazisində aşkar edilmiş, Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən şəxslərin kütləvi şəkildə basdırıldığı yerin aşkar edilməsi faktı üzrə Hərbi Prokurorluqda cinayət işi qaldırılıb. İstintaqın gedişində müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi dövründə qanunsuz erməni separatçı rejiminin silahlı dəstələri və Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisində qeyri-legitim fəaliyyətlə məşğul olub, nəticədə beynəlxalq humanitar hüququn norma və prinsipləri, o cümlədən “Fəaliyyətdə olan ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud şəkildə pozulub və 1993-cü ildə Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən 25 nəfər əsir milli ədavət zəminində qətlə yetirilib və Xocavənd rayonunun Edilli kəndinin ərazisində kütləvi şəkildə basdırılıb.

2022-ci il fevralın 23-dən 26-dək Xocavənd rayonunun Edilli kəndinin ərazisində aparılmış təhqiqatın gedişində kütləvi məzarlıqlardan 7 nəfərin, sentyabrın 14-30-da həmin məzarlığa baxış zamanı daha 18 nəfərin sümüklərinin qalıqları aşkar edilib və götürülüb. İş üzrə zəruri ekspertizalar təyin ediləndən sonra nəşlərdən nümunələr götürülüb və onlar məhkəmə molekulyar-genetik müayinəyə göndərilib.

Bu hadisələrin şahidi olmuş Füzuli rayonunun sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs kimi tanınıb. Şıxəliyev 1993-cü il avqustun 28-dən 1994-cü il dekabrın 14-dək Ermənistanda əsir olub və müxtəlif işgəncələrə məruz qalıb.

Şahid ifadələri və digər informasiya əsasında müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi dövründə Edilli kəndinin yaxınlığındakı rayonlardan gətirilən əsir və girovlar burada yerləşən paylaşdırma məntəqəsindən Qarabağa və Ermənistana göndərilirmiş. Ermənilər orada qalan hərbi əsirləri yolların təmiri ilə məşğul olmağa məcbur edirdilər. Təmir işlərində münaqişə dövründə dağıdılmış Azərbaycan evlərinin daşlarından istifadə edilib.

Daha sonra bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsi Xocavənd rayonunun Edilli kəndində insan nəşlərinin aşkar edilməsi və bu faktın Ermənistan tərəfindən azərbaycanlılara qarşı qanlı cinayət olması barədə məlumatlandırılıb.

Məqalənin sonunda xatırladılır ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlı barəsində indiyə qədər heç bir məlumat yoxdur, Ermənistan isə kütləvi məzarların olduğu yerləri bildirməkdən imtina edir.

Xudaferin.eu

17:06