Şuşada, Cıdır düzündə yandırılan tonqal bizim əbədi Zəfər tonqalımızdır

Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə milli bayramımız Novruzu işğaldan azad olunmuş torpaqlarda, Qarabağın incisi Şuşada qeyd etməyi arzulayırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizə böyük Qələbənin sevincini bəxş etdi və bizi bu arzumuza çatdırdı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qarşıya qoyduğu və xüsusi prinsipiallıqla, qətiyyətlə həllinə doğru inamla irəlilədiyi əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Dövlətimizin başçısı da bəyan etdiyi kimi, Qarabağ hər zaman dövlət siyasətinin mərkəzində olub. Biz heç bir halda, bir addım belə öz mövqeyimizdən kənara çəkilmədik. Ərazi bütövlüyü məsələsində Azərbaycan heç vaxt güzəşt etmədi. İllər ərzində nümayiş olunan bu prinsipiallıq bizi böyük Qələbəyə yaxınlaşdırırdı. Bunun nəticəsində bu il Novruz bayramı Şuşada, Cıdır düzündə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat qeyd edib ki, Şuşa həm də Azərbaycanın milli ruhunu qoruyan şəhərdir. Alınmaz qala olan Şuşanın Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla azad edilməsi tarixi hadisədir. Ermənistan rəhbərliyinin Şuşada sərxoş vəziyyətdə rəqs etməsi artıq qürur və milli heysiyyət məsələsi idi. Azərbaycan sona qədər bu vəziyyətlə barışa bilməzdi. Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərində bəyan etmişdi ki, işğal altındakı torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri vardır. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Doğrudan da, Şuşa uğrunda gedən döyüşlər tam fərqli oldu. Azərbaycan əsgəri mədəniyyət paytaxtımızın azadlığı uğrunda əlbəyaxa döyüşdü. Ali baş Komandanın da söylədiyi kimi, düşmən həm bizim gücümüzün, həm də iradəmizin, milli ruhumuzun qarşısında məğlub oldu.
Xüsusilə son 17 ildə yetişmiş və formalaşmış gənc nəslin Vətən Müharibəsindəki qəhrəmanlığı müharibənin və Azərbaycan xalqının taleyində əhəmiyyətli rol oynadı.
“Bu il mədəniyyət paytaxtımızda Prezident İlham Əliyev tərəfindən yandırılan bayram tonqalı rəmzi xarakter daşıyır. Bu tonqal həm də bizim əbədi zəfər tonqalımızdır, - deyə K.Nurullayeva vurğulayıb.
Xudaferin.eu

15:46