“Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlətimizin başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurlu inkişafını inamla ifadə etdi.

Həqiqətən də, 2021-ci ildə iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində çox mühüm işlər görülüb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar konseptual xarakterli, sistemli tədbirlər uğurla davam etdirilib. Dövlətimizin başçısının Azərbaycanın bölgələrinə səfərləri 2021-ci ildə də müntəzəm xarakter daşıyıb. Xüsusilə də, Azərbaycan Prezidentinin regionlara 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Bu, qalib Azərbaycanın qüdrətli Liderinin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.

Bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun “Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Regionların inkişafında yeni model - yeni mərhələ

Bu kontekstdə əsas məsələlərdən biri isə yeni regional idarəetmə mexanizminin yaradılmasıdır. Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Bu, həm sosial-iqtisadi, həm tarixi-siyasi, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu addımın iqtisadi və regional inkişaf kontekstində əhəmiyyətinə keçməmişdən əvvəl qeyd edim ki, yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması Azərbaycanın möhtəşəm tarixi Qələbə nəticəsində yaratdığı reallıqların ifadəsidir. Yeni təsnifat Azərbaycan iqtisadiyyatının tamlığının bərpası və funksionallığının artırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, bütün resurslardan dinamik inkişafı təmin etmək üçün səmərəli istifadə olunmasına mühüm imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir, təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Ona görə də bu resurslardan istifadə etməklə regional inkişafın yeni mərhələsinin əsasını qoymaq mümkündür. Paralel olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi bölgələrin yeni mexanizm əsasında idarə olunması üçün cəlbedici modelin yaradılması baxımından diqqəti cəlb edir. Bu, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.

“Şuşa İli” yeni və daha möhtəşəm uğurlar vəd edir

Bunlarla yanaşı, Prezident İlham Əliyevin bəhs olunan müraciətində 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirməsi, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi böyük tarixi hadisədir. Bu, həm mədəni-mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Dövlət başçısı təkcə Şuşada bərpa-quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlamır, eyni zamanda, tarixi-mədəni irsin bərpasına, qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti ötən il ərzində Şuşa şəhərinə 7 dəfə səfər edib. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”, - deyə vurğulayıb. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyini deməyə əsas verir - əminlik yaradır.

Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.

Xudaferin.eu

23:19