Şuşa dövlətimizin diqqət və qayğısı sayəsində nəinki Azərbaycanın, Cənubi Qafqazın mədəniyyət mərkəzinə çevriləcək

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının şərəf tarixində qəhrəmanlıq salnaməsidir. Bu salnamənin ən parlaq səhifəsi isə Şuşa şəhərinin işğalçı erməni qüvvələrindən azad edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdi. Özü də necə azad etdi? Öz gücü və iradəsi hesabına. Bu illər ərzində dünyanın ən nüfuzlu təşkilatları Qarabağın Azərbaycanın tarixi torpağı olması ilə bağlı üzərilərinə öhdəlik götürsələr də, çox təəssüf, Azərbaycanın lehinə heç bir iş görmədilər. Həmin təşkilatlar işğal edilən torpaqların Azərbaycana qaytarılması ilə bağlı heç bir addım atmadılar və ya atmaq istəmədilər. Onların əvəzinə bu işi Azərbaycan özü yerinə yetirdi, ərazi bütövlüyünü bərpa etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.
Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasının Prezident İlham Əliyevin müdrik, uzaqgörən dövlət siyasətinin nəticəsi olduğunu qeyd edən A.İsgəndərov deyib: “Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də böyük işlər görüldü. Orduda peşəkar kadrların sayı artırıldı, maddi-texnika baza yenidən quruldu. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını o dərəcədə inkişaf etdirə bildi ki, biz ordumuzu dünyanın ən müasir silahları ilə təmin edə bildik. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu müharibədə qalib gəldi, zəfər qazanmağı bacardı”.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev yanvarın 19-da işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilməsi ilə bağlı Fərman verdi. Prezidentin Fərmanı ilə ilk nümayəndəliyin məhz Şuşada yaradılmasının mühüm hadisə olduğunu diqqətə çatdıran A.İsgəndərov qeyd edib: “Bu institut yenidir və eyni zamanda, müharibədən doğan nəticədir. Biz sülhsevər xalq olaraq dünya ictimaiyyətinə, o cümlədən erməni xalqına bəyan edirik ki, qonşuları ilə dinc və sülh şəraitində yaşamağa hər zaman üstünlük verən Azərbaycan indi də Ermənistanla sülh şəraitində yaşamağa hazırdır, yalnız bir şərtlə, onlar öz torpaq iddialarından əl çəksinlər. Ermənilər birdəfəlik dərk etsinlər ki, Azərbaycan XX əsrin 90-cı illərindəki ölkə deyil. Həmin illərdə ölkəmiz müstəqilliyini yenicə bərpa etmişdi, bu gün isə onların qarşısında güclü Azərbaycan dövləti var”.
Professor Şuşaya nə üçün bu qədər böyük önəm verildiyini belə izah edib: “Hər bir xalqın sevdiyi, müqəddəs məkana çevirdiyi bir yer olur. Bizim müqəddəs məkanımız da Şuşadır. Qarabağın tacı olan Şuşa bizim mədəniyyət beşiyimizdir. Biz Qarabağın gözü, hamımızın diqqət mərkəzində olan Şuşanı o dərəcədə inkişaf etdirməliyik ki, hamı, dost da, düşmən də bizə qibtə ilə baxsın. Buna görə də bizim imkanlarımız kifayət qədərdir. Ermənilər də dərk etsinlər ki, Şuşa məhz Azərbaycanındır və onun qayğısını təkcə Azərbaycan xalqı çəkə bilər. Şuşa dövlətimizin diqqət və qayğısı sayəsində nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın mədəniyyət mərkəzinə çevriləcək.
Anar İsgəndərov qeyd edib ki, Azərbaycan xalqı öz tarixini, Qarabağın tarixini yaxşı bilir. Şuşanın yaranmasına qədər ilk xanlığın paytaxtı Bayat qalası, ondan sonrakı dövrdə Şahbulaq qalasının mərkəz kimi qurulması Azərbaycanın mülki tarixində, dövlətçilik tarixində şərəfli yer tutur. Ona görə də bir xalq olaraq Şuşaya böyük önəm veririk. Şuşaya çəkilən yol da onu göstərir ki, dünyanın hər yerindən buraya gələnlərə biz Qarabağ həqiqətini anlatmaq, Qarabağ uğrunda apardığımız Vətən müharibəsində qalib gəlməyimizin səbəblərini izah etmək üçün Şuşa əyani vəsaitdir. Şuşadakı qəhrəmanlıq tariximiz və Şuşanın qədim dövrünün tarixi, hətta bədxah qüvvələri də inandırmalıdır ki, bu şəhər birmənalı olaraq Azərbaycanındır. Ermənilərin Şuşa ilə bağlı iftira xarakterli tarixləri var və bu tarixə onların özlərindən başqa, heç kəs inanmır. Ağlı başında olan erməni politoloqlar və siyasətçilər Şuşanın Azərbaycanın olduğunu etiraf edirlər. Çünki onlar həqiqəti, tarixi inkar etməkdə çətinlik çəkirlər.
“Mədəniyyət beşiyi olan Şuşada dünya şöhrətli kifayət qədər sənət adamı yetişib. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, bu şəhər yaxın vaxtda dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Məqsəd Şuşanı Cənubi Qafqazın mədəniyyət beşiyinə çevirməkdir. Şuşa bərpa-quruculuq işlərini gözləyir və dövlətimiz də bu tədbirləri həyata keçirmək üçün əlindən gələni etməyə hazırdır. Şuşamızla bağlı bütün planlarımız uğurla həyata keçiriləcək”, - deyə tarix elmləri doktoru fikirlərini yekunlaşdırıb.
Xudaferin.eu

16:35