Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin qarantıdır

Müttəfiqlik tarix boyu beynəlxalq siyasətdə ən vacib fenomen kimi mühüm rol oynayıb. İstər qədim dövrlərdə, istər orta əsrlərdə, istərsə də Bismark və ya Napoleonun dövründə müttəfiqlik həmişə aktuallığını qoruyub saxlayıb. Nəhayət, ABŞ ilə keçmiş SSRİ arasında davam edən “soyuq müharibə” nəticəsində müttəfiqlik məsələsi daim gündəmdə olub. Bir-biri üzərində üstünlüyü təmin etmək məqsədilə Birləşmiş Ştatlar və keçmiş Sovet İttifaqı rəsmi və qeyri-rəsmi olmaqla müxtəlif müttəfiqlik müqavilələrində yer alıblar. Təhlükəsizlik üzrə ekspert Corc Liskanın qeyd etdiyi kimi, “Müttəfiqliyə istinad etmədən beynəlxalq münasibətlərdən danışmaq mümkün deyil.

Bunu Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti, milli təhlükəsizlik üzrə ekspert Xəyal İsgəndərov AZƏRTAC-a açıqlamasında deyib.

Ekspert bildirib ki, strateji müttəfiqlik iki və daha çox ölkə arasında tərəflərin müstəqilliyinin qorunub saxlanması şərtilə razılaşdırılmış hədəflərə çatmaq üçün qarşılıqlı maraqlar əsasında imzalanan sazişdir. Qeyd etmək lazımdır ki, müxtəlif mənbələrdə strateji müttəfiqliyi şərtləndirən bir sıra səbəblər göstərilir. Lakin ən tutarlı səbəb məhz Corc Liska tərəfindən irəli sürülüb. Strateji müttəfiqliyin formalaşmasının əsas səbəbi xarici təhdidə qarşı balans yaradılmasıdır.

İyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması Azərbaycan Respublikasının 30 illik müstəqillik tarixində ən əlamətdar hadisələrdən biridir. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.

Melvin Small və David Sinqer iki və daha çox ölkə arasında imzalanan sazişləri dörd kateqoriyada qruplaşdırıb: 1) müdafiə paktı; 2) bitərəflik sazişi; 3) qeyri-aqressiya sazişi; 4) dostluq sazişi. Müdafiə paktının mahiyyəti ondan ibarətdir ki, tərəflərdən birinə hücum olduğu təqdirdə, bu, bütün tərəflərə edilmiş hücum hesab edilir. 1949-cu il Vaşinqton müqaviləsi bu qəbildən olan razılaşmadır. Bitərəflik sazişini imzalamaqla tərəflər digər münaqişələrə müdaxilə, qeyri-aqressiya sazişində isə bir-birlərinə hücum etməmək öhdəliyi götürürlər. Nəhayət, dostluq sazişi ölkələrdən biri üçüncü tərəfin hücumuna məruz qaldığı zaman tərəflər arasında məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. Finlandiya ilə keçmiş SSRİ arasında imzalanan 1940-cı il müqaviləsi üçüncü kateqoriyaya, 1948-ci il müqaviləsi isə dördüncü kateqoriyaya aid müqaviləyə misal ola bilər.

Ekspert bildirib ki, bu məqamda iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsində əksini tapmış yalnız aşağıdakı müddəanı təhlil edərək belə qənaətə gələ bilərik ki, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi birinci və dördüncü kateqoriyaya aid xüsusiyyətləri özündə birləşdirməklə yeni bir kateqoriyanı ortaya qoyur ki, bunu da “dostluq və təhlükəsizlik sazişi” kimi təqdim etmək olar. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.

“Ole Holsti, Terrens Hopman və Con Sallivan strateji müttəfiqliyin formalaşdırılması üçün üç vacib elementi qeyd edib:

- rəsmi müqavilə olmalıdır (açıq və ya gizli);

- bilavasitə milli təhlükəsizlik məsələləri ilə bağlı olmalıdır;

- tərəflər müstəqil dövlət olmalıdır.

Qeyd olunanlarla yanaşı, Stefan Volt strateji müttəfiqliyin davamlı olmasında vacib element kimi ideoloji həmrəyliyi də təqdim edib. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tezisini də nəzərə alsaq, Azərbaycan–Türkiyə strateji müttəfiqliyində bu elementlərin hər biri əksini tapıb”, - deyə X.İsgəndərov vurğulayıb.

Xudaferin.eu

16:16