Spikerdən etiraz: “Milli Məclisin bu büdcəsi heç işıq puluna çatmaz…”

Parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı MM-in 2017-ci il xərclər smetası layihəsi barədə İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib. F. Hacıyev bildirib ki, MM və onun Aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binalara, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib. Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində MM və onun Aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat manat çoxdur. F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: “Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir”.

F. Hacıyev onu da əlavə edib ki, parlamentdə ictimai iaşə vəziyyətinin yaxşılaşdırlması məqsədi ilə yeni yeməkxana tikilir və növbəti ilə başa çatacaq. Parlamentin büdcəsi ilə bağlı F. Haciyevin çıxışına reaksiya verən spiker Oqtay Əsədov bildrib ki, parlamentin büdcəsi 394 min manatdır: “Firudin müəllim, bu, heç işıq puluna çatmaz. Biz keçən il ezamiyyə xərclərinə qəanət etməklə müəyyən vəsait əldə etdik. Amma bir ildə iki dəfə devalvasiya olub. Milli Məclis də digər dövlət qurumlarından fərqli olaraq, ən çox xarici ezamiyyələrdə olan qurumdur. Növbəti ildən beynəlxalq təşkilatlarda fəaliyyəti dayandırılmış parlament nümayəndə heyətinin fəaliyyətini bərpa ediləcək. Ona görə də ezamiyyə xərcfləri artırılmalı və bu məsələ qaydasına salınmalıdır. Çünki parlament nümayəndə heyəti beynəlxalq təşkilatlarının işində iştirak etməsə, o zaman fəaliyyətlərində axsaqlıq yaranacaq. Artıq bununla bağlı maliyyə naziri Samir müəllimlə danışmışıq. Bu məsələ nəzərə alınmalıdır”.

Politika.Az

04:58