Söz və mətbuat özgürlüyü

Zeynəb Mirzəyeva 1999-cu il 28 aprel tarixində Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsidir. 3 saylı Bakı "ASAN Xidmət Mərkəzi"ndə 2 aylıq könüllülük fəaliyyəti ilə məşğul olub. Bununla yanaşı jurnalistika, biznes və natiqlik bacarıqları ilə bağlı bir sıra təlim və seminarlarda iştirak edib. Bunlar: "ASAN Radio"nun təşkilatçılığı ilə keçirilən "Radio və televiziyada fəaliyyətlə ilgili Master klass", Orkhanway Coaching şirkəti tərəfindən təşkil olunan "Nirvana" bədən dili proqramı, "Azercell" şirkətinin "Gənclər kitab oxuyur" layihəsi (qalibi olub), "Business Club Azerbaijan" təşkilatının "Kommunikasiya" və "Biznesin idarə edilməsi" təlimlərində olub və hal-hazırda "Business Club Azerbaijan"nın iki aylıq "Wintern" layihəsinin iştirakçısıdır. Qısa zaman kəsimində “missiya.az” saytında və "Mədəniyyət və Turizm Nazirliyi"ndə fəaliyyət göstərib. Səkkiz illik musiqi təhsili var, dörd il Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri"ndə həm solist, həm də orkestr üzvü kimi fəaliyyətdə göstərib. Məqalə, xəbər, fotoreportaj və hekayə yazır. Bakı Dövlət Universitetinin "Jurnalist" qəzetində yazıları dərc olunub.

 

Söz özgürlüyü cəmiyyətin bir üzvü olaraq hər bir fərdin özünüifadəsidir. Özgürlüyün dəf edildiyi, qısıldığı mühitdə xoşbəxtlikdən və vətəndaş həmrəyliyindən söz belə gedə bilməz. Mətbuatın özgürlüyü hər bir ölkənin əsas demokratik göstəricisidir. Bu əsas amil cəmiyyətin rifahında, eyni zamanda zamanın şərtləri içində reformların daha da irəli getməsi üçün əvəzsiz rol oynadığı kimi gələcək nəsillərin maariflənməsi yönündə də böyük töhfələr verə bilər.

Azərbaycanın çağdaş jurnalistika sahəsində ən aktual problem reket jurnalistikası ilə bağlıdır. Məhz bu şəxslər mətbuat özgürlüuündən fərdi və komprador maraqları naminə istifadə etməklə nəinki özlərini, həmçinin cəmiyyəti də uçuruma sürükləyə bilər. Tarixi inkişaf mərhələsi boyunca söz və mətbuat özgürlüyünün tətbiq olunmasını həyata keçirilməsində bütün qüvvəsi ilə səy göstərən şəxsiyyətlər günümüzün qəhrəmanıdır. Öz imzaları ilə mətbuat tariximizdə silinməz iz qoyan insanlar bu gün də unudulmur və ehtiramla yad edilir.

Özgürlük insanın ən önəmli sərvətlərindən biri olub insanın və bəşəriyyətin təbii axarı ilə nizamlanması yönündə onun forma və məzmunu üzərində ağalığı deməkdir. Söz və mətbuat özgürlüyünə nail olmaq üçünsə, milli dəyərlərə hörmətlə yanaşmaq olduqca gərəklidir.

Azərbaycan Cümhuriyyətinin parlaq nümayəndəsi, görkəmli xadim Məmməd Əəmin Rəsulzadənin 1911-ci ildə Tehranda çalışdığı dönəmdə onun baş redaktorluğu ilə çap olunan “İrani-nov” qəzetində dərc edilmiş “Mətbuat azadlığı” məqaləsində mətbuatın 3 əsas sütun üzərində durduğu qeyd edilir. Belə ki, M.Ə.Rəsulzadə bu sütunlardan birinin olmadığı təqdirdə mətbuatın bir heç olduğunu söyləmişdir. Bu əsas göstəriciləri yazmaq, ümumi mənafe və yaymaqdır.

Özgürlüyün elmi izahında onun mahiyyətini dərk etməkdə müəyyən addımı Georg Vilhelm Fridrix Hegel atmışdır. Belə ki, Baruç Spinoza kimi Hegel də özgürlüyü dərk edilmiş zərurət kimi qeyd etmişdir. Mətbuat tarixində özgürlük 3 anlamda təsnif olunur: mənəvi, siyasi və iqtisadi özgürlük. Sosial özgürlük genişləndikcə mənəvi özgürlük də müvafiq olaraq genişlənir.

Çağdaş Azərbaycan jurnalistikasının ən tanınmış nümayədələri də öz yaradıcılıq yolunda mətbuat azadlığı məsələsinə daha dəqiq toxunmuşlar. Cahangir Məmmədli “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Jurnalistikanın müasir inkişaf meyilləri”, Asif Rüstəmov “Jurnalistikanın əsasları” , S.Rəhimova “Jurnalist etikası” , Rəşid Hacılı “Media etikası” və.s kimi qiymətli elmi əsərlərdə mətbuat azadlığı bütün incəlikləri ilə tərənnüm edilmişdir. Lakin bir məqamı da unutmaq olmaz ki, özgürlüyü nisbətən birmənalı şəkildə qəbul edən insanlar da az deyil. Bəzən bu şəxslər azadlığı bütünlüklə özbaşınalıq da hesab edir. Bu hal təbii olaraq, digər cəmiyyət üzvləri tərəfindən qəbuledilməzdir. Ziyalı təbəqənin dili ilə desək, əxlaq gerçəkliyin mənimsənilməsinin elə qiymətləndirici-imperaktiv üsuludur ki, bu üsul insanların davranışını xeyir və şərin əksiliyi nöqteyi-nəzərindən təmzimləyir.

Yekun olaraq qeyd edim ki, söz və mətbuat özgürlüyünün inkişaf və davam etdirilməsini istəyiriksə, etik normalara və nizam-intizam qaydalarına məsuliyyətlə yanaşmalıyıq, çünki jurnalist ictimai rəyin formalaşmasında böyük rol oynayan və faktı hadisəyə çevirən yeganə şəxsdir. Faktın təhrif olunduğu bir cəmiyyətdə mətbuat azadlığının dəyərindən söz açmaq belə qeyri-mümkündür. Özgür mətbuatın normal cəmiyyətlərdə dəstək qzanması, eyni zamanda həmin cəmiyyətin problemlərinin və eybəcərliklərinin anındaca ictimailəşməsi deməkdir. Bu yaranmış boşluqların cəmiyyətin özü tərəfindən ictimaim müzakirələr əsasında öz çözümünü tapmasına istiqamətləndirilir. Özgürlük hər bir insanın zad düşünmə fəlsəfəsinin inkişafı üçün çox böyük önəm daşıyır. Özgürlük azad düşüncənin cəmiyyətin inkişafı yönündə bu gün aparıcı təməl prinsiplərdən biri hesab olunur. Özgürlük şəxsiyyətin formalaşması üçün onun idrakının zənginləşməsi deməkdir. Özgür düşüncəyə qarşı tabuların tətbiq edilməsi cəmiyyətin, özəlliklə də yeni nəslin çağdaş inkişafı qarşısında ən böyük problemlərin olması deməkdir. Özəlliklə də bunun mətbuatda və jurnalistikada tətbiq olunması, müəllifin sərbəst düşüncəsinin və istedadının parlaması üçün ən vacib şərtlərdən biridir. İnsan təbiətin səslərindən ilk öncə hərfləri yaratdı. Daha sonra təbiətin səslərinin ritminə uyğun sözlər yarandı. Və sonuncda isə o səslər və sözlər insan düşüncəsinin məhsuluna çevrildi. Beləliklə də cəmiyyət və yaşam normaları formalaşmağa başladı. Əlbəttə, bütün bunlar təbiətin özgürlüyünün ruhundan doğdu. Cəmiyyət də belədir. Özgür düşüncəyə görə bizlər artıq XXI yüzilin sinergetik anlamlarının ən yüksək mərləhəsinin canlı şahidləriyik. Bu gün KİV-lərin istər elektron, istərsə də virtual aləmdə önəminin artması da birbaşa özgür düşüncənin məhsuludur. Bunu heç bir zaman unutmaq da olmaz. 

 

Mirzəyeva Zeynəb
Jurnalistika fakültəsi
I kurs JK 037-ci qrup

Xüsusi olaraq Xudaferin.eu üçün

 

13:06