Şoyqunun Bakı andı: savaş olsa, Rusiya Qarabağda bizə qarşı çıxarmı?

Rusiya hərb nazirinin Azərbaycan səfəri yeni suallar yaradıb; iki fərqli rəy...

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıda verdiyi açıqlamalar gündəmdən düşmür. Xüsusilə, onun bir fikri daha çox müzakirə olunur. Şoyqu deyib ki, Rusiya indiyədək Azərbaycan əleyhinə yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.

Ona inanaqmı, yaxud Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatına başlasa, Rusiya, doğrudanmı, Ermənistan tərəfdən bizə qarşı çıxmayacaq kimi suallar ətrafında müxtəlif fikirlərə rast gəlirik.

Çoxları Türkiyə faktorunu qabardaraq, artıq zamanın dəyişdiyini, Rusiyanın əvvəlki kimi ermənilərə açıq dəstək verməyəcəyini düşünür. Təbii ki, bunun əksini düşünüb, çox da uzağa getməyərək, Kremlin son olaraq, Ermənistana göndərdiyi 400 ton hərbi yükü də xatırladanlar az deyil. 

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bir sıra vacib məqamlara toxundu: “Zənnimcə, öncə nəzərə almaq lazımdır ki, Sergey Şoyqu ölkəsinin indiyədək Azərbaycan əleyhinə yönələn heç bir addım atmadığını deyəndə, hansı məqamları nəzərdə tutur. Çünki Rusiyanın Ermənistanla münasibətlərində elə məqamlar var ki, bu Azərbaycanın maraqlarına ziddir. Məsələn, Rusiya Ermənistana əvəzsiz olaraq, yaxud ödəniləcəyi şübhə doğuran kredit müqaviləsi əsasında silah-sursat, hərbi texnika verir. Moskva bunu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması və İrəvanla olan ikitərəfli sazişlərlə əlaqələndirir. Bu, Rusiya tərəfinin arqumentidir. Amma Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədridir. Yəni hüquqi məntiqlə Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında maraqlı olmalı, bu məqsədlə Ermənistana təzyiq göstərməlidir. Əslində Rusiya həm BMT Təhlükəsizlik Şurasındakı, həm də Minsk Qrupunun həmsədri kimi mandatının mahiyyətinə uyğun olaraq, Ermənistanla eyni hərbi-siyasi blokda təmsil olunmamalıdır.

Elçin Mirzəbəyli: Paşinyanın son açıqlamaları Ermənistanın öz öhdəliklərinə  sadiq qalmağı bacarmadığını təsdiqləyir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 

Elçin Mirzəbəyli

Yaxud KTMT-nin əsasnaməsində sülhün və təhlükəsizliyin qorunması ilə bağlı məsələlərdə BMT Nizamnaməsinə istinad edildiyi üçün, Ermənistanın bu Nizamnaməni pozduğunu əsas götürərək, İrəvanın KTMT-dəki mandatının işğala son qoyulanadək dayandırılmasına nail olmalıdır. İndiki şəraitdə biz bu istiqamətdə real addımların atıldığını görmürük. Məhz bu baxımdan da Sergey Şoyqunun Rusiyanın bundan sonra da Azərbaycanın əleyhinə addım atmayacağını söyləməsi mövcud mənzərənin olduğu kimi qalması anlamına gəlir. Yəni Rusiya indiyə qədər nə edibsə, bundan sonra da onu edəcək. Amma Azərbaycan prosesin indiki kimi davam etməsini arzulamır və münaqişənin həllinin uzanması təkcə ölkəmizin maraqlarına deyil, bütövlükdə regionda dayanıqlı sabitliyin təmin olunmasına mane olur. Zənnimcə, Rusiya MDB məkanında yürütdüyü siyasətin artıq xalqların və dövlətlərin ciddi etirazı ilə qarşılaşdığını qəbul etməlidir. Zorla müttəfiqlik, zorla strateji tərəfdaşlıq olmur. Güc amilinə söykənən tərəfdaşlığın ömrü güc tükənənə qədərdir. Amma münaqişələrin həllində ədalətli mövqe sərgiləməklə, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə sayğı göstərməklə Rusiya Avrasiya məkanında qəbul edilən lider dövlət statusuna yiyələnə bilər ki, bu da nəhəng bir coğrafi məkanda sürətli inteqrasiyaya və inkişafa zəmin yarada bilər”.

Liviyada nə baş verir: "sərkərdə" Xaftarın sərgüzəştləri

 

Əhəd Məmmədli

Siyasi şərhçi Əhəd Məmmədli fərqli düşüncəyə sahibdir: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək söyləyib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. Şoyqu qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq. Təbii, Şoyqu mötəbər mənbədir, amma məlum məsələdir ki, qonşu ölkənin müdafiə naziri həqiqəti söyləmir. Lakin Şoyqu ”yaxşı etmişik, ermənilər bizim müttəfiqimizdir" kimi fikirlər də söyləyə bilərdi və tam buna əsası da var. Çünki Rusiya ilə Ermənistan siyasi-iqtisadi-hərbi ittifaqdadır. Buna rəğmən, Rusiya kimi böyük dövlətin müdafiə nazirinin bu bəraət dolu açıqlamasını müsbət qarşılayıram. Fikrimcə, Rusiya əlindən gələni edəcək, edir də, amma Azərbaycanın antiterror əməliyyatı başlayacağı təqdirdə, Moskvnın açıq-aşkar bizə qarşı hərbi güc, təcavüz edəcəyini düşünmürəm. Bunun olmaması üçün bir neçə faktor var. Əsas qardaş ölkə Türkiyənin Azərbaycanın qeyd-şərtsiz yanında olması faktorudur. Cənubi Qafqazda Rusiya-Ermənistan ittifaqına qarşı, Türkiyə-Azərbaycan müttəfiqliyi qurulur. Bundan əlavə, KTMT-nin nizamnaməsində Qarabağ bu təşkilatın hərbi əməliyyat ərazisindən kənardır, çünki bu, Azərbaycanın ərazisidir. KTMT-yə daxil olan ölkələr isə ancaq bir-birlərinin ərazisinə hücum olan təqdirdə müdaxilə məsuliyyətini öhdəliklərinə götürüblər. Hətta belə olan təqdirdə əmin deyiləm ki, KTMT-yə daxil olan ölkələr Azərbaycana müharibə elan edərlər. Bütün bunlar Azərbaycanın Qarabağda antiterror əməliyyatını zəruri edir".

xudaferin.eu

11:12