Sovet imperiyasına qarşı həmişə dik duruş gətirən insan - Deputat şair Bəxtiyar Vahabzadədən yazdı

Bu gün Xalq şairi, XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Bəxtiyar Vahabzadənin doğum günüdür. Özümü çox xoşbəxt hiss edirəm ki, dahi söz ustadı ilə şəxsən görüşmüş və söhbətləşmişəm.

Bəxtiyar Vahabzadə yalnız bir şair deyildi. O, həm də xalqın dərdini öz içində çəkən, milli istiqlal hərəkatına öncüllük edən, heç nədən qorxmadan ancaq öz xalqının mənafeyini düşünən, mütəfəkkir bir insan idi. Bəxtiyar Vahabzadənin yaradıcılığı – şairliyi, dramaturqluğu, ədəbi tənqidçiliyi barədə çox danışmaq olar. Mən isə onun daha çox vətəndaş mövqeyi barədə fikirlərimi bölüşmək istəyirəm. Sovetin senzura məngənəsində “Gülüstan” kimi bir poemanı üzə çıxartmaq bəlkə bizə indi asan gəlir. Ancaq o dövrdə Bəxtiyar Vahabzadə az qala repressiya olunacaqdı. Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə hətta Azərbaycan Dövlət Universitetindən də çıxarılmışdı. Xatırlayıram ki, o, həmişə söhbətlərində Ulu öndər Heydər Əliyevin onu qoruduğunu deyirdi. Bəlkə də ümummilli lider hələ 60-cı illərdə Bəxtiyar Vahabzadəyə dəstək olmasaydı, Sovet senzurasından qorumasaydı, bizə indi Türk Dünyasının oğlu dediyimiz Bəxtiyar Vahabzadə yaradıcılığından cüzi bir hissə gəlib çatacaqdı. Bəxtiyar Vahabzadə Ulu Öndər haqqında söz düşəndə həmişə onu xalqın xilaskarı adlandırırdı.

Hər birimiz onun 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərində odlu-alovlu çıxışlarını eşitmişik. Sovet imperiyasına qarşı həmişə dik duruş nümayiş etdirdiyinin, bəzi hökumət adamlarının ən vacib məqamlarda gizləndiyində belə Bəxtiyar Vahabzadənin ön cərgədə yer aldığının şahidi olmuşuq. Onun yazdığı xatirələrdə belə məqam var:

“Yanvarın 19-da gecə məlum hadisə baş verdi. Gecəni yata bilmədik. Səhər bir neçə deputat mənə zəng vurub, təcili Ali Sovetin fövqəladə sessiyasını çağırmağın vacib olduğunu dedi. Beynimə batdı. Ali Sovetə zəng vurdum və belə qərara gəldik ki, mən televiziya ilə çıxış edib, deputatları sabaha - sessiyaya çağırım. Mən MK-ya gəlib gördüm ki, binanın qarşısında minlərlə adam dayanıb və dünənki qırğına etirazlarını bildirir. Mən də çıxış edib Kommunist Partiyasının üzvlüyündən çıxdığımı elan etdim. Telestudiyaya gəldim. Dedilər ki, studiyanın enerji blokunu rus əsgərləri dağıdıb. Çıxış etmək mümkün deyil. Studiyanın həyətində rus generalı, ətrafında isə televiziyanın bir neçə işçisi, o cümlədən şair Qabili və rejissor Nazim Abbasovu gördüm. Mən əsəbi vəziyyətdə generala yanaşıb onu dünənki qırğına, törətdiyi faciəyə görə yağlı sözlərlə təhqir edib üzünə tüpürdüm. Sonralar eşitdiyimə görə o, tapançaya əl atmış, məni vurmaq istəmiş, telestudiyanın işçiləri, xüsusən N.Abbasov ona mane olmuşdur”

Bu baxımdan qeyd etmək yerinə düşər ki, Bəxtiyar Vahabzadə Azərbaycanın dövlət müstəqilliyi, istiqlalı yolunda çox çalışıb. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev ilk “İstiqlal” ordenini ona və Xəlil Rza ilə Məmməd Araza vermişdi.

B.Vahabzadənin Şəkiyə olan sevgisi də bir başqa idi. Baxmayaraq ki, uşaq yaşlarından ailəlikcə Bakıya köçmüşdülər, içində daim bu qədim diyarın sevgisi yaşayırdı. Elə yazdığı şeirlərin də əksəriyyətinin yazıldığı yer olaraq Şəki göstərilməsi sübut edir ki, şair doğma yurduna necə bağlı bir insan olub.

Bəxtiyar Vahabzadə yaradıcılığına cənab prezident İlham Əliyevin də böyük diqqəti olub. Hazırda şairin adına Şəkidə ev muzeyi mövcuddur. Bakıda və Şəkidə küçələrə, Şəkinin mərkəzi hissəsində parka onu adı verilmişdir.

Xatırlayıram ki, onun hazırda yaradılan ev muzeyi vaxtilə uşaq bağçası olaraq fəaliyyət göstərirdi. Şair özü öz sağlığında evini Azərbaycanın gələcəyinə - uşaqlara hədiyyə etmişdi. Əlbəttə Bəxtiyar kimi dünyaya sığmayan bir şair üçün kiçik bir ev sadəcə fani dünyanın qalıqları ola bilərdi. Onu da şair uşaqlara bağışlamışdı.

Verib Qarabağı Bakıya qaçdıq,
Bakıda “Qarabağ” kafesi açdıq.

deyən şairin Qarabağ arzularını elə həmin uşaqların da içərisində olduğu nəsil çin elədi. Ali Baş Komandanın rəhbərliyi altında həmin nəsil Qarabağı yenidən öz sahiblərinə qaytardı.

Rahat yat, əziz şair, artıq “Qarabağ Azərbaycandır!” devizini dünyaya diktə edən bir nəsil yetişib.

Vüqar İskəndərov
Milli Məclisin deputatı

Mənbə:musavat.com
Xudaferin.eu

08:19