ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

Təcrid və embarqolar səbəbindən Şimali Kipr Türk Respublikası (ŞKTR) xarici aləmə açıla bilmir. Bu baxımdan onun tanınması istiqamətində səylər olduqca vacibdir. Həmin kontekstdə Azərbaycan parlamentinin Azərbaycan və ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına dair yekdil qərarı çox ciddi təşəbbüsdür.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri İstanbulda Lefkoşanın Türk Dövlətləri Təşkilatının (TDT) sosial siyasət idarələri başçılarının toplantısında müşahidəçi dövlət kimi iştirakı ilə bağlı Anadolu Agentliyinin suallarını cavablandıran ŞKTR-in əmək və sosial müdafiə naziri Sadik Qardiyanoğlu söyləyib.

Nazir əlavə edib ki, Azərbaycanın səylərindən sonra digər türk dövlətlərində də parlamentlər səviyyəsində analoji təşəbbüslər başlayıb. Onun sözlərinə görə, nazirliklər arasında əlaqələr normal səviyyəyə çatdıqdan və ŞKTR bütün türk dövlətlərinə özünü tam şəkildə ifadə edə bildikdən sonra Lefkoşanın tanınması reallaşacaq.

Şimali Kipr türklərinin Türk dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan nazir qeyd edib ki, Lefkoşa sosial siyasət istiqamətində inteqrasiya üçün türk dövlətlərinin nazirlərinin toplantısına böyük önəm verir və ölkənin ən qısa zamanda bu birliyin tamhüquqlu üzv olacağına inanır. “Bu böyük ailənin bir parçası olmaqdan son dərəcə xoşbəxtik və qürur duyuruq”, - deyə S.Qardiyanoğlu bildirib.

Xudaferin.eu

15:28