Siyasi ekspert: Dövlətimizin başçısının sözünün imzası qədər keçərli olması Azərbaycanı aparıcı güc mərkəzlərinin diqqətində saxlayır

Dünyanın amansız geosiyasi və geoiqtisadi reallıqlarla qarşı-qarşı qaldığı bu mürəkkəb və ziddiyyətli zamanda Azərbaycanın və Prezident İlham Əliyevin aparıcı güc mərkəzlərinin rəhbərlərinin diqqət mərkəzində olmasının çoxsaylı səbəbləri var. Şübhəsiz ki, bunlardan birincisi Prezident İlham Əliyevin dünyada böyük nüfuz sahibi olması, regional və qlobal proseslərdə oynadığı və hadisələrin gedişatında müsbət dinamika yaradan rolu, dövlətimizin başçısının sözünün də imzası qədər keçərli olması, deyilən hər bir sözün, atılan hər bir imzanın arxasında Azərbaycan xalqının sarsılmaz iradəsinin dayanmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Siyasi ekspertin sözlərinə görə, digər səbəb ölkəmizin bu günədək üzərinə götürdüyü öhdəliklərə sadiq qalması, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu bütün regional və qlobal əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsi, ölkəmizin beynəlxalq hüququn ayrı-ayrı subyektləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərindən doğan vəzifələrə, həmçinin qlobal öhdəliklərinə son dərəcə məsuliyyətlə yanaşmasıdır.
“Bu xüsusda ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətinə də xüsusi diqqət yetirməyi vacib hesab edirəm. Azərbaycan istər BMT-nin humanitar missiyalarının tərkibində, istərsə də üzv olduğu və hazırda ikinci dönəm sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində dünyanın müxtəlif ölkələrində baş verən humanitar fəlakətlərin aradan qaldırılması istiqamətində ərazisinə və əhalisinin sayına görə özündən dəfələrlə böyük olan ölkələrdən daha genişmiqyaslı fəallıq nümayiş etdirir, qlobal çağırışlara çevik cavab verir və atdığı addımlarla nümunə göstərir”, - deyən E.Mirzəbəyli qeyd edib ki, təkcə COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yüksək qlobal təşəbbüskarlıq, həyata keçirdiyi humanitar aksiyalar ölkəmizin qlobal təhdidlərin qarşısının alınması üçün nə qədər məsuliyyətli və ədalətli davrandığını sübuta yetirir. Ölkəmizə və dövlətimizin başçısına olan yüksək etimadı şərtləndirən amillərdən biri də xarici siyasət kursumuzun bilavasitə dövlət maraqlarını ifadə etməsi, kənar təsirlərdən asılı olmaması, açıq, şəffaf, tərəfsiz və birüzlü xarakter daşımasıdır.
Siyasi ekspert diqqətə çatdırıb ki, Azərbaycan ayrı-ayrı dövlətlərlə və beynəlxalq təsisatlarla münasibətlərinin sərhədlərini yalnız öz maraqlarından çıxış edərək müəyyənləşdirir, özünün ayrı-ayrı geosiyasi oyunların təsir alətinə çevrilməsinə imkan vermir. “Ölkəmiz müstəqil hüququn bərabərhüquqlu subyekti kimi davranır, ilk növbədə, özünün suveren hüquqlarına hörmətlə yanaşır. Özünə hörmətlə yanaşanlara başqalarının da sayğı duyması təbii qəbul olunmalıdır. Bu həm də bizim milli xarakterimizin göstəricidir”, - deyə E.Mirzəbəyli əlavə edib.

Xudaferin.eu

14:53