Siyasi ekspert: Beynəlxalq təşkilatlarla yüksək səviyyəli qarşılıqlı əlaqələr Azərbaycanın xarici siyasət prioritetlərindən biridir

Beynəlxalq təşkilatlarla yüksək səviyyəli qarşılıqlı əlaqələr Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Bu kontekstdə ölkəmizin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi İslam Əməkdaşlıq Təşkilatını (İƏT) misal çəkmək olar. Hens Morqentaunun uğurlu diplomatiyasının 1-ci qaydasına əsasən, “dövlət səlib yürüşü siyasətindən əl çəkməlidir”. Bu, o deməkdir ki, xarici siyasətə dini və ya ideoloji bucaqdan baxmaq dövlətin milli maraqları ilə ziddiyyət təşkil edir. Bu qayda obyektivdir və onun səmərəliliyi rasional olaraq asanlıqla sübut edilə bilər. Təəssüf ki, realizm nəzəriyyəsinin banilərindən olan H. Morqentaunun bu qaydası dünya ölkələrində geniş tətbiq edilmir. Bunun ən bariz nümunəsi böyük ölkələrin Ermənistana xristian həmrəyliyi baxımından dəstək olmalarıdır. Sözsüz ki, böyük dövlətlərin rəqib ölkələrə uzun illər himayədarlıq etmə səbəbləri dini-ideoloji həmrəyliyə reduksiya olunmur, bu dəstək və himayənin çox səbəbləri və amilləri vardır. Bununla belə, nəzərəçarpan sayda siyasətçi Ermənistan-Azərbaycan münaqişəsinə xristian-müsəlman qarşıdurması kimi baxır. Bu qərəzli siyasətə Azərbaycan diplomatiyası həm adekvat, həm də əsaslı cavab verməkdədir. Diplomatik cavabın adekvatlığı Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur. Cavabın əsaslı olması isə bu əməkdaşlığın H. Morqentaunun birinci qaydasını pozmamaq şərti ilə aparılmasında özünü büruzə verir. Belə ki, ölkəmiz Fələstinin müstəqilliyini tanımaqla yanaşı, İsrail ilə də yüksək strateji münasibətlərini davam etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.
Ekspert bildirib ki, dövlət diplomatiyasının adekvatlığına nümunələr içərisində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının Yekun Bəyannaməsini qeyd etmək olar. İclasın Yekun Bəyannaməsi və sırf Azərbaycanla bağlı qəbul olunmuş dörd qətnamə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektlərini özündə əks etdirir. Həmçinin Yekun Bəyannamə Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişənin başa çatmasını da alqışlayır. Sənəddə Ermənistana özünün təcavüzkar ritorikasına, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə zidd olan fəaliyyətlərinə son qoymağa, Azərbaycan Respublikası ilə ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında dövlətlərarası münasibətlər qurmağa çağırış edilir.
Elşən Məcidov bildirib ki, Azərbaycan beynəlxalq hüquqa görə ayrılmaz tərkib hissəsi olan Qarabağda son günlər yerdəyişmələr həyata keçirib. Bu fəaliyyət həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquqa tam uyğun olsa da, bəzi təşkilatlar və dövlətlər ölkəmizə əvvəlki mövqelərə qayıtmaq üzrə çağırışlar etdilər. Bu kontekstdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək nümayiş etdirməsi, münaqişənin bitməsini etiraf etməsi və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanımaq şərti ilə sülh müqaviləsinin bağlanması zərurətini vurğulaması olduqca vacib məqamlardan idi. Beləliklə, Azərbaycan böyük dövlətlərə göstərir ki, dünya 3 dövlətdən ibarət deyil.
“Digər tərəfdən, 57 ölkə adından qəbul edilmiş Yekun Bəyannamə Azərbaycanın Ermənistana təklif etdiyi 5 bənddən ibarət gündəliyin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin göstəricisidir. Biz beynəlxalq media diskursunda mövcud olan və yalnız Qərb ölkələrini özündə ehtiva edən beynəlxalq ictimaiyyət anlayışına elmi çağırış etməliyik. Təkcə İslam Əməkdaşlığı Təşkilatı özündə Azərbaycanı dəstəkləyən 57 ölkəni birləşdirir. Halbuki, Azərbaycan daha böyük təşkilatın, BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatının üzvü və hazırkı sədridir. 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı İkinci Qarabağ müharibəsi zamanı bizə qarşı irəli sürülən BMT qətnaməsinin iflasa uğramasında Azərbaycana yardımçı olub və haqq işində ölkəmizi dəstəklədiyini sübuta yetirib.
Azərbaycanı müharibə zamanı darda qoymayan təşkilat bizi sülh danışıqlarında daha da həvəslə dəstəkləməyə meyillidir”, - deyə ekspert vurğulayıb.
E.Məcidov deyib ki, Xarici İşlər Nazirləri Şurasının iclasında Yekun Bəyannamədən əlavə, sırf Azərbaycanla bağlı ayrıca dörd qətnamə də qəbul edilib. Bu qətnamələr “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında”, “Azərbaycana iqtisadi yardım haqqında”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində islam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında” və “Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında”dadır. Adından da göründüyü kimi, hər bir qətnamənin əhəmiyyəti və siyasi çəkisi olduqca böyükdür. Bu qətnamələr təşkilatın və üzv ölkələrin Azərbaycana nə dərəcədə dəstək olmasını aydın seyr etməyə imkan verir. Böyük ölkələr Qarabağda ermənilərin qondarma və saxta xristian abidələrinin və mədəni irsinin qorunmasında fəallıq göstərdiyi vaxtda İƏT-ə üzv ölkələr bu qətnamələrdə Azərbaycan ərazilərində işğal zamanı İslam mədəni və tarix irsinin nümunələrinin talan, təhqir olunmasını, dağıdılmasını, mədəni irs nümunələrinin saxtalaşdırılması və oğurlanmasını vandalizmin və barbarlığın təzahürü kimi qəbul edirlər. Praktiki cəhətdən qətnamələr üzv dövlətləri, İslam İnkişaf Bankını və İƏT-in digər aidiyyəti qurumlarını Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması işlərinə sərmayə qoymağa və Azərbaycan Hökumətinə yardım etməyə çağırır.

Xudaferin.eu

21:19