Şəhidlərin xatirəsi əbədi yaşayacaq!

Düz bir il bundan əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini xaincəsinə atəşə tutanda və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu məsələyə dərhal münasibət bildirərək, təcavüzkarın bütün atəş nöqtələrini məhv etməkdən və ölkənin işğal altında olan ərazilərini azad etməkdən ibarət döyüş vəzifəsi ilə əks-hücuma keçmək barədə əmr verəndə bu barədə bütün dünyaya birinci olaraq xəbər verənlərdən biri AZƏRTAC olub. Həmin gün mənim ürəyim sürətlə döyünməyə başladı və sonrakı 44 gün, 44 gecə ərzində adi ahənginə qayıtmadı.
Bütün bu günlər ərzində mən həm işimin xarakterinə görə, həm də və ilk növbədə, qəlbimin çağırışı ilə smartfon, noutbuk, televizor ekranlarından ayrılmadım. İstər Vətəndə, istərsə də xaricdə olan milyonlarla həmvətənim kimi mən də cəbhədən alınan hər bir təzə xəbəri, ən kiçik informasiyanı səbirsizliklə gözləyirdim. Biz hamımız hər kəsə inanılmaz enerji verən sehirli “Tvit gəldi!” sözlərini xüsusi səbirsizliklə gözləyir, sonra isə öz rəqəmsal qurğularımıza yaxınlaşıb mənfur düşmənin daha hansı yaşayış məntəqələrindən qovulması barədə tezliklə ilk mənbədən - Prezident Əliyevin akkauntundan xəbər almağa çalışırdıq. Hər bir anonsdan sonra daha böyük səbirsizliklə kompüter ekranlarının qarşısında əyləşir, Prezident İlham Əliyevin millətə növbəti müraciətini, dövlətimizin başçısının xarici və yerli KİV-lərə növbəti müsahibəsinin translyasiyasını gözləyir, sonra isə onun hər bir sözünü, hər bir tezisini evdə, həmkarlarımız və yoldaşlarımız arasında müzakirə edirdik.
Mən özüm əslən Ağdamdanam. Uşaqlığım, ibtidai siniflərdə oxuduğum illər orada keçib, babamın evi, böyük qoz ağacının altındakı kölgəlik, bağımızdakı almanın dadı hələ də yadımdadır.
İndi bunların heç biri yoxdur. Mənfur düşmən vaxtilə ürəkaçan onlarca şəhəri, yüzlərlə kəndi viran qoyub, o cümlədən mənim doğulduğum və uşaqlıq illərimin keçdiyi evin daşını daş üstə qoymayıb, bütün meyvə ağaclarını qırıb.
Keçən il noyabrın 20-də biləndə ki, rəşadətli Azərbaycan Ordusu vuruşmadan mənim doğma Ağdam şəhərinə daxil olub, bütün gün gözümdən axan sevinc yaşlarını saxlaya bilmədim.
Bu gün düşmənlərin bizim torpaqlardan qovulmasından bir il keçir. Ağdam şəhərinin ərazisi minalardan tamamilə təmizlənib, Füzuli beynəlxalq aeroportu tikilib, yollar və tunellər çəkilir, Vaqifin məqbərəsi bərpa olunub, Bülbülün, Hacıbəylinin, Natəvanın büstləri əvvəlki yerlərinə qaytarılıb, Şuşa və Ağdam məscidlərinin minarələrindən yenə azan səsləri eşidilir.
Əsl sahibləri üçün darıxmış Qarabağ yenidən dinclik tapıb.
Bu gün Vətənimizin azad edilməsi uğrunda canlarından keçmiş bütün qəhrəmanların nurlu xatirələrini ehtiramla yad edir, rəşadətli qazilərimizin tezliklə sağalmaları üçün dua edirik. Biz Cəbrayıla, Xocavəndə, Füzuliyə, Zəngilana, Qubadlıya, Şuşaya, Kəlbəcərə, Ağdama qayıtmışıq. Laçın dəhlizi ordumuzun tam nəzarətindədir. Cıdır düzündən baxanda Xankəndi, yüksəkliklərdən baxanda isə Ağdərə, Əsgəran və Xocalı ovuc içindəki kimi aşkar görünür. Suqovuşan azad ediləndən sonra aran rayonlardakı əkinçilər yayda su qıtlığından, qışda isə tarlaları su basmasından əziyyət çəkməyəcəklər. Ərazilərin minalardan təmizlənməsi işləri başa çatandan sonra çobanlar yenə Laçın və Kəlbəcər yaylaqlarına qayıdacaq, yüksək dağlıq çəmənliklərdə çoban tütəklərinin səsi eşidiləcək, aşıqlar dastan söyləyəcəklər.
İşğala son qoyulub. Münaqişə geridə qalıb, artıq “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur. Bütün bunlar Tarixə qovuşub. Biz bu Tarixi həmişə yadda saxlayacaq, bu xatirəni gələcək nəsillərə çatdıracağıq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını bərpa etmək və onu yenidən cənnətə çevirmək üçün var gücü ilə çalışır.
Şəhidlərin xatirəsi əbədi yaşayacaq!
Sənin qarşında baş əyirik, Azərbaycan döyüşçüsü!

Xudaferin.eu

17:30