Səfir: Misir-Azərbaycan münasibətləri yüksəlişdədir

Son illərdə Misirlə Azərbaycan arasında baş tutan qarşılıqlı səfərlər, keçirilən tədbirlər, o cümlədən 2021-ci ilin iyununda Qahirədə təşkil olunan siyasi məsləhətləşmələr, Azərbaycanın mədəniyyət nazirinin ötən ilin dekabrında Qahirəyə səfəri, misirli həmkarı, həmçinin Azərbaycanın nümunəvi birgəyaşayış modeli olduğunu bir daha sübut edən Əl-Əzhər Şeyxi ilə görüşləri, eyni zamanda, bu il fevralın əvvəlində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin İslam İşləri üzrə Ali Şuranın 32-ci Konfransında iştirak etmək üçün Qahirəyə səfəri Misir-Azərbaycan münasibətlərinin yüksəlişdə olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Adel İbrahim söyləyib.

Səfir deyib ki, Misir-Azərbaycan İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın beşinci iclasında iştirak edəcək Misir nümayəndə heyətinin rəhbəri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat fevralın 24-dən 27-dək Azərbaycanda səfərdə olacaq və Komissiyanın işi çərçivəsində keçiriləcək Misir-Azərbaycan biznes-forumunda iştirak edəcək. Diplomat bildirib ki, Komissiyanın iclasında və Forumda 60-dan çox misirli nümayəndə iştirak edəcək. Bu da öz növbəsində rəsmi Qahirənin Azərbaycanla müxtəlif səviyyələrdə və sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyi göstərir.

Adel İbrahim, həmçinin qeyd edib ki, bu il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında çox hərəkətli dövr olacaq. Belə ki, 2022-ci ilin martında Bakı ilə Şarm Əl-Şeyx arasında birbaşa aviareysin açılacağı, Misirin xarici işlər nazirinin Bakıya səfəri nəzərdə tutulur.

Xudaferin.eu

23:48