Səfir Elin Süleymanov etimadnaməsini İslandiya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının İslandiya Respublikasındakı səfiri Elin Süleymanov etimadnaməsini İslandiya Prezidenti Qudni Yohannessona təqdim edib.

Protokola uyğun olaraq səfir xüsusi müşayiət ilə Prezident iqamətgahı “Bessastadir” sarayına gətirilib.

Görüşün əvvəlində səfir Elin Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Prezident Qudni Yohannessona çatdırıb.

E.Süleymanov Azərbaycanın İslandiyada səfiri kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Öz növbəsində, Prezident Qudni Yohannesson Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.

Söhbət əsnasında, tərəflər son illər ərzində Azərbaycanla İslandiya arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu bildirib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər.

Sonda səfir Prezident Yohannessona səmimi qəbul üçün təşəkkürünü bildirərək, geotermal suların istilik enerjisi, alternativ enerji mənbəyi kimi istifadəsi ilə dünyada məşhur olan İslandiya təcrübəsinin öyrənilməsi və azad olunmuş ərazilərdə tətbiqi kimi perspektiv vəd edən bütün sahələrdə İslandiya ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün əlindən gələni edəcəyini söyləyib.

Mərasimdən sonrakı görüşdə Prezident Yohannesson İslandiya xarici siyasətinin prioritetlərindən, əsas istiqamətlərindən söz açaraq, dünyada beynəlxalq hüquqa hörmətlə yanaşılmasının vacibliyini qeyd edib.

Bu xüsusda İslandiya hökumətinin iqlim dəyişikliyi məsələsinə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, səfir Elin Süleymanov azad olunmuş ərazilərin Prezident İlham Əliyev tərəfindən gələcəkdə “net zero” - sıfır karbon tullantı zonasına çevriləcəyini qeyd edib.

İslandiya səfəri çərçivəsində Azərbaycan səfirliyinin nümayəndələri İslandiya Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri ilə ikitərəfli münasibətlər, regionumuzda mövcud vəziyyət, eləcə də Azərbaycan Prezidentinin davamlı sülhün bərqərar olması və bütün bölgənin dayanıqlı inkişafına yönəldilmiş strategiyası, Avropada enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Aynurə Tağıyeva

Xudaferin.eu

17:01