Şəbnəm Həsənova: Azərbaycan Prezidentinin pandemiya ilə bağlı bu təşəbbüsü də qlobal dəstək qazandı

Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın-Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququ və ədaləti müdafiə edərək, öz bəyanatlarına da sadiq qalaraq dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə sərgilədiyi mövqe, aldığı qərarlar və atdığı addımlar çoxtərəfli səylərin mərkəzində dayanır. Bu səbəbdən də 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

Bu sözləri  ​Xudaferin.eu AZƏRTAC-a istinadən  politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu baxımdan da, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövlətimizin başçısı BMT Baş Assambleyasının xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunun vacibliyini vurğuladı.

Qəbul edilən mövcud qətnamə bir daha inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi işinin insan hüquqlarından istifadəyə mənfi təsirini göstərir. Bu, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində ehtiva olunan məqsədlərə nail olunmasında əsas maneələrdən biridir.

Azərbaycan COVID-19 pandemiyası ilə əlaqədar olaraq ilk günlərdən qabaqlayıcı tədbirlər görməyə başlayan ölkədir. Görülən ardıcıl, sistematik işlərin nəticəsidir ki, vəziyyəti bütün dövrlərdə nəzarətdə saxlamaq mümkün oldu. Əsas məsələlərdən biri ölkəyə yeni laboratoriyaların gətirilməsi idi ki, əgər pandemiyaya qədər ölkəmizdə cəmi 8 laboratoriya var idisə və gündə cəmi min test keçirilə bilərdisə, indiki zamanda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Pandemiyanın ilk günlərindən ölkəyə modul tipli xəstəxanalar gətirildi. Bu istiqamətdə maksimum səmərəli iş aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə mütəmadi təmaslar quruldu. Eyni zamanda, dünya birliyinin etibarlı tərəfdaşı kimi Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə vermişdir ki, bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb.

Bu istiqamətdə istər beynəlxalq təşkilatlar, istər Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda ölkə əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin fəaliyyətini yüksək qiymətləndirir. Ümumdünya Səhiyyə Təşkilatı görülən işlərə yüksək qiymət verərək “Azərbaycan modeli”dən bəhs edərək Azərbaycanı nümunəvi ölkə hesab edir. Bununla yanaşı, dünyanın aparıcı rəy sorğusu şirkəti hesab olunan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb ki, vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Azərbaycan Cənubi Qafqazda vaksinasiya işinə ilk start verən ölkədir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqından bir ay sonra vaksinləri alan və vaksinasiyaya başlayan ölkədir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilib.

Bütövlükdə, qətnaməyə dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və müxtəlif siyasi qruplaşmalara məxsus olan 133 dövlət həmmüəlliflik edib. Bu rəqəm isə BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün kifayət qədər yüksək indikatordur. Azərbaycan dövləti Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparırdı. Bütün bu amillər bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öncədən proqnozlaşdırıla bilməyən və bütün dünyanı cənginə alan COVID-19 pandemiyası kimi bütün maneələri dəf etməyə, eyni zamanda bu istiqamətdə bütün bəşəriyyətə töhfə verməyə hazır və qadir dövlətdir.

Xudaferin.eu

13:18