Sahibə Qafarova: Fransa regionu yeni təhlükələrə sürükləyir

Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamələr aydın şəkildə Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrildiyini göstərir.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 2-də keçirilən iclasında söyləyib.

Fransa Senatının noyabrın 15-də Azərbaycanla bağlı qəbul etdiyi bədxah qətnamənin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib. Bu çirkin niyyətli siyasi aksiya dövlətimizin ərazi bütövlüyünü, suverenliyini hədəf almaqla yanaşı, beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlikdir. Ona görə də, Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir, onun bu addımını siyasi riyakarlıq kimi qiymətləndiririk. Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr aydın şəkildə Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrildiyini göstərir.

Parlamentin sədri, həmçinin bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla həlli üçün səylərin heç bir nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik missiyasını yerinə yetirən dövlətlər və xüsusən də Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulmasıdır. Bu gün isə Fransanın hakimiyyət orqanları, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin həyata keçirilməsinə böyük zərbə vurur, erməni şovinist qüvvələrinin məqsədlərinə xidmət edir, regionu yeni təhlükələrə sürükləyir.

Xudaferin.eu

16:31