Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti “Dünya MİREA-da” festivalında nümayiş etdirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) dəstəyi ilə Azərbaycan mədəniyyəti Moskva Texnologiya Universitetində (MİREA) keçirilən “Dünya MİREA-da” beynəlmiləl festivalında nümayiş etdirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin Azərbaycan Tələbə Klubunun nümayəndələri RAGB-nin dəstəyi ilə festivalda fəal iştirak ediblər.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Suriya, Anqola və digər ölkələrin bu universitetdə təhsil alan nümayəndələri bir yerə toplaşaraq öz ölkələri, tarixləri, adət-ənənələri ilə bir-birlərini tanış ediblər, milli mətbəxlərin ləziz təamlarına qonaq ediblər.

Universitetin Azərbaycan Klubunun üzvləri milli geyimdə qonaqları ayrıca meydançada qarşılayıb, onlara rəqs etmək və musiqi alətlərində çalmaqda ustad dərsləri göstəriblər.

Klubun fəalları tariximiz, mədəniyyətimiz və Azərbaycan xalqının adət-ənənələri barədə məlumat verən improvizasiyalı stend hazırlayıblar. Qonaqlar milli mətbəximizin ləziz təamlarından dadıblar. Stenddə suvenirlər, milli geyimlər, məişət əşyaları, broşürlər, “AMOR” jurnalı, video və fotomateriallar nümayiş etdirilib.

MİREA-nın rektoru Stanislav Kuc azərbaycanlı tələbələrlə söhbətində onlara festivalda uğurlar arzulayıb.

Festival yaradıcı kollektivlərin çıxışları ilə davam edib. Tədbirin Azərbaycanla bağlı hissəsi “Qarabağ” rəqs ansamblının ifasında “Naz eləmə” milli rəqsi ilə başlayıb. “Mən azərbaycanlıyam” adlı vokal nömrə ilə RAGB-nin fəalı Dilqəm Verdiyev çıxış edib.

Xudaferin.eu


 

17:53