“Rusiya Türkiyənin Cənubi Qafqazda fəallaşmasının qarşısını almaq iqtidarında deyil” - Elxan Şahinoğlu

Cənubi Qafqaz regionunda situasiya sürətlə dəyişməkdə davam edir. Regionda cərəyan edən geopolitik proseslərin həm istiqamətləri, həm də məzmunu da paralel olaraq yenilənir.

Beləliklə, bizim də içində olduğumuz Güney Qafqaz yenidən dünya güclərinin mübahisə mövzusuna çevrilir. Bir vaxtlar deyilirdi ki, Qərb regionu Rusiyaya güzəştə gedib, indi isə xüsusən də Tovuz döyüşlərindən sonra bu bölgənin ABŞ və Türkiyə tərəfindən nəzarətə götürüldüyü iddiaları var. Bu, belədirmi və belədirsə, ABŞ və Türkiyə Güney Qafqaza Rusiyanın nəzarətini azalda biləcəkmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, SSRİ dağıldıqdan sonra Rusiya həqiqətən qonşu dövlətlərə nəzarətini artırmaq istədi. Düşünürdülər ki, əgər SSRİ yoxdursa belə, Rusiya ətraf qonşularına arxa bağçası kimi baxa bilər. Amma əslində belə olmadı: “SSRİ dağılarkən Baltikyanı ölkələr Rusiyadan uzaqlaşdılar, Moskvanın bu respublikalara heç bir təsiri mümkün olmadı. Rusiya əsasən Ukrayna, Belarus, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə təsir etməyə, bu ölkələri tamamilə nəzarətdə saxlamağa çalışırdı. Amma bu istiqamətdə də elə böyük uğurları olmadı. Ukraynada iki dəfə ”Maydan" hərəkatı oldu və bu ölkə faktiki Rusiyanın təsir dairəsindən çıxdı. Rusiya Krımı işğal edib Donbasda separatçı bölgə yaratmaqla Ukraynanı birdəfəlik itirdi. Hal-hazırda Belarusda eyni hadisələr cərəyan edir və Belarus xalqı da hakimiyyəti dəyişmək istəyir. Hakimiyyət dəyişərsə, Rusiya ilə münasibətlərə də yeni hakimiyyət yenidən baxa bilər. Düzdür, Moskva çox çalışacaq ki, Belarus da Ukrayna kimi əldən çıxmasın. Amma hər halda Belarus xalqı da öz sözünü deyir və deyəcək. Cənubi Qafqaza gəldikdə, bu bölgədə Rusiya Gürcüstanı çoxdan faktiki olaraq itirib. Abxaziya və Cənubi Osetiyanı işğal edib oranı rəsmən tanımaqla Rusiya Gürcüstanı itirib. Gürcüstan bu səbəbdən heç zaman Rusiya ilə yaxın əlaqələr qurmayacaq. Rusiyadakı siyasi və hərbi mərkəzlər Azərbaycanı və Ermənistanı təsir altında saxlamaq üçün Qarabağ münaqişəsindən istifadə edirlər. Düşünürlər ki, Qarabağ münaqişəsi var olduqca, onlar həm Azərbaycana, həm də Ermənistana təsir edə bilərlər. Amma Ermənistanın indiki hakimiyyəti ilə də Moskva arasında problemlər yaşanır".

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

Ölkəmizə gəldikdə isə politoloq vurğuladı ki, Azərbaycan xalqında Qarabağ məsələsinə görə Rusiyaya narazılıq və etimadsızlıq var. Digər tərəfdən Azərbaycan da artıq yolunu seçmək üzrədir: “Bizim gələcəyimiz Türkiyə ilə siyasi-hərbi ittifaqın güclənidirilməsindən keçir. Bu ittifaq güclənərsə və gələcəkdə Türkiyənin hərbi bazaları Azərbaycanda mövcud olarsa, biz artıq seçim etməli olacağıq, balans siyasəti bundan sonra bizim maraqlara cavab verməyəcək. Əlbəttə, Rusiya ilə normal qonşuluq münasibətlərini davam etdirmək maraqlarımıza cavab verir. Ancaq bundan sonra biz artıq Rusiyanın təsir dairəsində ola bilmərik. Bu baxımdan düşünürəm ki, Rusiyanın Cənubi Qafqaza da təsir dairəsi azalacaq. Avropa və Amerikanın bizim bölgə uğrunda mübarizəsinə gəldikdə isə, Amerika və Avropanın hələ də elə də böyük maraqları yoxdur. Avropanın bu saat əsas marağı Azərbaycanın enerji resurslarını Avropa bazarlarına çatdırılmasıdır ki, bu artıq təmin olunur. Amma Amerika və Avropa məsələn, Qarabağ münaqişəsinin həllinə ciddi maraq göstərməlidir. Burada əsas oyunçular yenə Rusiya, İran və Türkiyədir. Azərbaycan üçün məqbuldur ki, Türkiyə burada daha güclü oyunçuya çevrilsin. Türkiyənin Cənubi Qafqazda əsas oyunçuya çevrilməsi Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir. Burada Rusiyanın maraqları ilə müəyyən toqquşma ola bilər. Amma Rusiya da artıq Türkiyənin rolunu qəbul etmək məcburiyyətində qalır. Bunu Rusiya və Türkiyə prezidentlərinin son telefon danışığı da göstərir. Əgər əvvəllər Vladimir Putin Türkiyənin Qarabağ münaqişəsinin həlli məsələsində iştirakına müsbət yanaşmırdısa, indi özü də görür ki, Türkiyənin qarşısını ala bilməyəcək. Türkiyə tək bizim regionda deyil, müxtəlif regionlarda çox fəallaşıb və bölgənin əsas oyunçularından birinə çevrilib. Ona görə də Türkiyənin Cənubi Qafqazda fəallaşmasının qarşısını Rusiya almaq iqtidarında deyil”.

xudaferin.eu
 

12:06