Rumıniya KİV-ləri Xarıbülbül festivalını işıqlandırmağa davam edir

Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə festivalın önəmi vurğulanıb. Festivalın dünyaya verdiyi mesajlar barədə danışılıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və qüdrətli sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu otuz illik işğala, uzun illərin həsrətinə 44 gündə son qoyaraq görünməmiş qəhrəmanlıq dastanına imza atıb. Bu dastanın ən şərəfli səhifəsi, finalı Şuşa əməliyyatı olub. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur qalaraq Azərbaycanın şərtlərinə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və Azərbaycan xalqı bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytarıb.

Bildirilib ki, “Xarıbülbül” musiqi festivalı dünyaya bir çox önəmli mesajlar verilməsi baxımından da səciyyəvi olub. Mayın 12-13-də Şuşaya ölkəmizin müxtəlif guşələrindən folklor kollektivləri, ustad musiqiçilər, Azərbaycan mədəniyyətinin korifeyləri, mətbuat nümayəndələri toplaşmışlar. Festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi göstərib ki, ölkələr belə inkişaf etməlidir. Yalnız çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur. Azərbaycan uzun illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edib. Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Prezident çıxışında bu məqamı da xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, Festival ölkəmizdəki sarsılmaz milli birliyin əyani nümayişi olub.

 

İqbal Hacıyev

Xudaferin.eu

11:24