Rəşad Mahmudov: Şuşa Bəyannaməsinin icrası regionda sülhün, iqtisadi inkişafın qarantıdır

Regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi tarixi hadisə olaraq, Azərbaycan–Türkiyə arasında bir neçə aspektdən–siyasi, iqtisadi, ideoloji, humanitar baxımdan olduqca diqqət çəkir. Bunların sırasında bir məqam xüsusilə maraq doğurur. Bu, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində ABŞ-ın ədalətli mövqeyi ilə bağlıdır. Belə ki, bu il iyunun 8-də ABŞ Senatının xarici əlaqələr komitəsində Prezident Cozef Baydenin 2022-ci maliyyə ili ilə bağlı dinləmələri zamanı bir neçə senator, xüsusilə də Nyu Cersi ştatını təmsil edən demokrat Bob Menendes Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmaqla Azərbaycana “yaşıl işıq” yandırmaqda günahlandırdı, erməni əsirlərin qanunsuz saxlanıldığını bildirdi. Digər bir neçə senator da (Brəd Şerman və Barbara Li) 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb etdi. Lakin dinləmələr zamanı diqqətə yönəldilən dəlillər ermənipərəst qüvvələrin haqsız olduğunu, ədalətsiz mövqe nümayiş etdirdiyini üzə çıxardı və beləliklə, müzakirələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin (ANCA – Armenian National Committeeof America) icraçı direktoru Aram Hamparyanın 907-ci düzəlişin yenidən qüvvəyə minəcəyi vədinin iflasa uğradığını göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: Bu il iyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidentinin Türkiyə dövlət başçısı ilə görüşü də erməni toplumunun ümidlərini məhv etdi. Halbuki ABŞ rəhbərinin müzakirələrdə Ermənistanın mövqeyini müdafiə edəcəyi, Türkiyə Prezidenti Ərdoğana, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevə ciddi reaksiya göstərəcəyi gözlənilirdi. Lakin Cozef Baydenlə görüşdən dərhal sonra cənab Ərdoğanın Şuşaya gəlməsi, burada Şuşa Bəyannaməsinin imzalanması ermənipərəst qüvvələrin haqsız iddialarının elə havadan asılı qaldığını göstərdi.

Fikrimcə, hadisələrin bu cür gedişini erməni xalqı da gözləyirdi. Başa düşürdü ki, üzləşdiyi ağır siyasi durumun, sosial-iqtisadi şəraitin səbəbkarı daxildəki revanşist qüvvələrlə bərabər, xaricdə onları dəstəkləyən lobbi qruplarıdır.

Beləliklə, erməni cəmiyyəti bu gün Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyəti düzgün dəyərləndirir, regional iqtisadi inteqrasiyanı son dərəcə vacib sayır, davamlı sülh və təhlükəsizliyə yalnız əməkdaşlıq yolu ilə nail olmağı ölkənin xilası hesab edir. Bu baxımdan İkinci Qarabağ müharibəsindən sonra ABŞ-ın bölgəyə konstruktiv yanaşması da məhz bu həqiqətlə, tarixi reallıqla bağlıdır.

Ona görə də inamla deyə bilərik ki, ABŞ ilə Türkiyə arasındakı bölgədəki əməkdaşlıq gələcək sülh və sabitliyə əhəmiyyətli dərəcədə kömək edə bilər. Türkiyə–Azərbaycan tərəfdaşlığı isə regiondakı bütün tərəflərin maraqlarına cavab verən meqaenerji layihələri və enerji əməkdaşlığını həyata keçirməyə imkan verir. Vaşinqton Avropanın enerji təhlükəsizliyinə töhfə verən bütün neft-qaz layihələrini yüksək dəyərləndirir.

Deputatın sözlərinə görə, ABŞ-ın Türkiyə və Azərbaycana bu cür ədalətli yanaşması da artıq erməni cəmiyyətini yeni siyasi reallıqla barışmağa, sülh və sabitliyə tərəfdar olmağa, Ermənistanın illərlə apardığı işğalçılıq siyasətinə son qoymağa vadar edir. Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri də bunu nümayiş etdirdi: Nikol Paşinyanın səs çoxluğu ilə parlaq qələbə qazanması da bunun təsdiqi idi.

İndi Ermənistanda çoxluq yaxşı anlayır ki, bu ölkənin siyasi, sosial-iqtisadi böhrandan yeganə çıxış yolu qonşularının sülh təşəbbüsünə tərəfdar çıxıb gələcəyə inamla addımlaması, əməkdaşlıq münasibətləri qurmasıdır. Əks təqdirdə, ölkədə böhran daha da dərinləşəcək, əhalinin durumu ağırlaşacaq, miqrasiya problemləri heç vaxt həll olunmayacaq. Başqa sözlə, demoqrafik böhran yaşayan ölkə daim işçi, istehsal və müdafiə qüvvələri çatışmazlığı ilə üzləşəcək.

Erməni cəmiyyəti yeni münasibətlərin formalaşmasına təsir göstərəcək iqtisadi amillərin də əhəmiyyətini yaxşı anlayır. Bu mənada Zəngəzur dəhlizinin də gerçəkləşməsini istəyir. Şübhəsiz ki, bu layihə ilə təkcə Ermənistanın deyil, bölgənin də geosiyasi vəziyyətinin müsbətə doğru dəyişəcəyini, əhalinin üzləşdiyi sosial böhrandan xilas ola biləcəyini düşünür. Bax, elə buna görə də erməni lobbisindən fərqli olaraq, erməni cəmiyyəti bir neçə ildən sonra indiki həyat tərzinin dəyişəcəyinə, yeni əlverişli ticarət imkanlarının yaranacağına, iş yerlərinin açılacağına qəlbən əmindir.

Buradan aydın görünür ki, Vətən müharibəsindən sonrakı dövr sabitlik və təhlükəsizliyə qarşı davamlı çağırışlarla yanaşı, regional iqtisadi inteqrasiya üçün yeni imkanlarla səciyyələnir. Həm Türkiyə, həm də Rusiya nəqliyyat dəhlizlərini açaraq regional iqtisadi inteqrasiyanı dəstəkləyir. Bu baxımdan, Zəngəzur dəhlizi çox vacib bir nəqliyyat marşrutudur və ondan bütün maraqlı tərəflər faydalanacaqlar. Zəngəzur dəhlizinin kilidini açmaqla Azərbaycan öz anklavı olan Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini bərpa edəcək və Türkiyə birbaşa Azərbaycan və Orta Asiyadakı digər türkdilli ölkələrə çıxış imkanı qazanacaq.

Rəşad Mahmudov açıqlamasının sonunda deyib: Ermənistan da bu layihədən bəhrələnə bilər, çünki ölkə İran və Rusiya ilə dəmir yolu bağlantısı əldə edəcək, sonuncu dövlət əsas iqtisadi və siyasi müttəfiqdir. Məsələn, Rusiya həmişə Ermənistanın lider idxal və ixrac bazarı olub. Ötən il Ermənistandan Rusiyaya təxminən 676 milyon dollar dəyərində mal ixrac edilib və həmin dövrdə Rusiyanın ümumi idxaldakı payı 4,559 milyard dollara (32,4 faiz) bərabər olub.

Beləliklə, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi Şuşa Bəyannaməsində vurğulanan əməkdaşlığın strateji istiqamətlərindən biridir.

Xudaferin.eu

14:28