Robert Tiskeviç: Azərbaycan Polşa üçün çox vacib tərəfdaş və dost ölkədir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində Polşa Respublikası Seymində Xaricdəki Polyaklarla Əlaqə Komissiyasının sədri Robert Tiskeviç və komissiyanın üzvləri ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, komissiya sədri ə Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin tarixinə nəzər salıb, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycanın Polşa üçün çox vacib tərəfdaş və dost ölkə, bu ölkədə yaşayan azərbaycanlıların isə Polşa cəmiyyətinin bir hissəsi olduqlarını bildirib. Eyni zamanda, xaricdə yaşayan soydaşlarla əlaqələrin dərinləşdirilməsi sahəsində Polşa təcrübəsindən söz açıb.

Fuad Muradov çıxışında Komitənin fəaliyyəti, xarici ölkələrdə, o cümlədən Polşada yaşayan azərbaycanlıların təşkilatlanması və yerli cəmiyyətə inteqrasiyası, diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması, eləcə də paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi barədə məlumat verib. Azərbaycan-Polşa əlaqələrinin tarixi köklərə malik olduğunu vurğulayan komitə sədri Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən bəhs edib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri öz gücünə yerinə yetirərək ərazi bütövlüyünü bərpa etdiyini söyləyib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq istiqamətləri, Polşada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və yerli cəmiyyətə inteqrasiyası zamanı meydana çıxa biləcək hüquqi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, artıq bir neçə ildir Polşada yaşayan, eləcə də təhsil alan azərbaycanlı gənclərin hüquqi məsələlərlə bağlı problemlərinin həlli üçün Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təmənnasız vəkil xidmətləri göstərilir.

Xudaferin.eu


 

12:36