Rəhman Mustafayev: Bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss edib

Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, aşkinazi yəhudiləri və Avropa (gürcü) yəhudiləri. Hazırda dağ yəhudiləri ölkənin yəhudi diasporunda sayca üstünlük təşkil edir. Bu icmalar arasında ən qədimi, əcdadlarının təxminən 15 əsr əvvəl burada məskunlaşdığı deyilən dağ yəhudiləri icmasıdır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev səfirliyin Mədəniyyət Mərkəzində keçirilən Fransa yəhudi ravvinlərinin Konqresində deyib.

Bildirilib ki, tarixən Azərbaycan yəhudiləri ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıblar. Bakıda Nobel mükafatı laureatı, fizik Lev Landau, respublikanın görkəmli həkimi Solomon Qusman, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunov və digər məşhur yəhudilərin xatirələri əbədiləşdirilib.

R. Mustafayev çıxışında yəhudilərin Azərbaycana köçürülməsindən, qırğına məruz qalmış yəhudilərin ölkəmizə pənah gətirməsindən və burada məskunlaşmasından danışıb.

Vurğulanıb ki, Azərbaycanı özlərinə Vətən bilən yəhudilər ölkəmizə sığınıblar. Həmişə olduğu kimi bu gün də Azərbaycanda bütün etniklərə, həmçinin yəhudilərə mehriban münasibət var. Aşkinazi yəhudilərinin Azərbaycan siyasətində xüsusilə fəal olduğu qeyd edilərək, hələ Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) səhiyyə naziri yəhudi doktor Yevsey Gindes olduğu diqqətə çatdırılıb. Yəhudilərin 1910-cu ildə Azərbaycan neft sənayesinin inkişafına töhfə verdiyini bildirən R.Mustafayev Bakıda əsas neft şirkətlərindən birinin Rotşildlər ailəsi tərəfindən yaradıldığını deyib. Azərbaycanda yəhudi sinaqoqları, məktəbləri, kolleci, uşaq bağçası fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Bu gün də ölkəmizdə mövcud olan yəhudi icmalarının Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində yəhudi dini icmaları üçün yeni sinaqoqun tikintisindən söz açılıb.

Diqqətə çatdırılıb ki, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilib. Bakıda yaşayan yəhudi uşaqlar üçün “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzinin inşasından danışılıb. Təhsil Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi vurğulanıb.

Bildirilib ki, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir. Çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Şəhla Ağalarova

Xudaferin.eu

13:30