Rəcəb Tayyib Ərdoğan: Türkiyənin müdafiə sənayesi üzrə xaricə bağlılığı 80 faizdən 20 faizə endirilib

Son 19 il ərzində Türkiyədə hər istiqamətdə olduğu kimi, müdafiə sənayesi sahəsində də qlobal dəyişikliklər edilərək ən yüksək zirvələrə çatdırılıb. Bunun başında pilotsuz hava vasitələri gəlir. Gücünü meydanlarda sübut edən silahlı pilotsuz hava vasitələrinin dizaynı, istehsalı və satışında isə dünyanın ilk 3-4 ölkəsi sırasında yer alırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.
Bu dövr ərzində ölkənin müdafiə sənayesi üzrə xaricə bağlılığının 80 faizdən 20 faizə endirildiyini vurğulayan Prezident Ərdoğan deyib: "Daha əvvəl 250 milyon dollara belə çatmayan müdafiə və aerokosmik ixracatımız artıq üç milyard dolları keçib. Artıq bu sahə üzrə hazırkı ehtiyacları qarşılamaqla yanaşı, gələcəyin vasitələrinə və məhsullarına da sərmayə qoyuruq. Bütün uğurlarımızı dost və müttəfiq ölkələrlə paylaşmağa hər zaman hazırıq. Burada gördüyümüz mənzərə uğurumuzun ən gözəl nümunəsidir. Burada imzalanan anlaşma memorandumları da bunun göstəricisidir".
Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə sərgidə iştirak etmək üçün qardaş ölkədə səfərdədirlər.

Günel Məlikova

Xudaferin.eu

23:14