Ərəb mətbuatında ermənilərin təxribatı və “Qisas” əməliyyatı barədə xəbərlər dərc olunub

Ermənilərin Qarabağda törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun bir əsgərinin şəhid olması və Silahlı Qüvvələrimizin keçirdiyi “Qisas” əməliyyatı ərəb mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Əl Cəzirə”, “Əl Ərəbiyə”, “Əl Hadath”, “Extra24”, “Əl Mamlaka” telekanalları, MENA, KUNA agentlikləri, “Əl Əhram”, “Əl Masr Əl Yom”, “Əl Ayn” və digər mətbu orqanların xəbərlərində Azərbaycanın haqlı olaraq qanunsuz erməni silahlı dəstələrinin öz ərazisindən çıxmasını tələb etdiyi diqqətə çatdırılıb. Materiallarda qeyd olunub ki, Azərbaycan tərəfi Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, bunun beynəlxalq vasitəçilərin fəaliyyətinə hörmətsizlik olduğunu bəyan edib.
Ərəb KİV-in xəbərlərində diqqətə çatdırılıb ki, avqustun 3-də erməni silahlı dəstələrinin törətdiyi növbəti təxribata cavab olaraq, Azərbaycan Ordusu “Qisas” cavab əməliyyatı keçirib və Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Həmçinin qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Oqtay Bayramov

Xudaferin.eu

23:06