Qərbi Azərbaycana qayıdış prosesi bir milyon insanı əhatə edir

Qərbi Azərbaycana qayıdış prosesi bir neçə istiqaməti əhatə edir. Birinci istiqamətə deportasiyanın müxtəlif dövrlərində - XX əsrin əvvəllərində, 1940-cı illərin sonu-1950-ci illərin əvvəllərində, eləcə də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulan yerli azərbaycanlılar barədə məlumat bazasının tərtib olunması – arxivlərin, əmlak sənədlərinin bərpası, insanların həmin yerlərdə malı-mülkü barədə xatirələrinin toplanması daxildir. İkinci istiqamət tarixi məlumat bazasının formalaşdırılmasıdır. Buraya regionun tarixi, əhalimiz, Qərbi Azərbaycanın etnoqrafiyası, mədəniyyəti, memarlığı, əzəli Azərbaycan torpaqları, o cümlədən İrəvan xanlığı barədə məlumatlar aid edilir. Bu kontekstdə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması prosesində mənim təkliflərim epiqrafik məlumat bazasının yaradılmasının vacibliyi ilə bağlı idi. Sovet dövründə bu cür tədqiqatlar Məşədixanım Nemət və digər alimlər tərəfindən aparılırdı. Hesab edirəm ki, etnoqrafiya, epiqrafika öyrənilməlidir. Azərbaycan mədəniyyəti və memarlığının müasir erməni xalqının formalaşmasına necə təsir göstərməsini paralel olaraq dünyaya nümayiş etdirmək lazımdır. Biz bununla bir çox məsələləri həll edə və göstərə bilərdik ki, ermənilər gəlmə xalqdır, orada yaşayanlara bizim mədəniyyətin və Azərbaycan dövlətlərinin əhəmiyyətli təsiri olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun Şimali Qafqaz üzrə kafedrasının dosenti, Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması prosesinin iştirakçısı Rizvan Hüseynov bildirib.

Onun fikrincə, tarixi ədalətin bərpası üçün məscidlərin, karvansaraların, qalaların, məqbərələrin – indiki Ermənistan ərazilərindəki Azərbaycan irsinə aid bütün elementlərin geniş epiqrafik, mədəni bazasını vahid şəklə salmaq lazımdır. İrəvan xanlığının, ona qədər isə Çuxursəd bəylərbəyliyinin və daha qədim kiçik dövlətlərin siyasi rolunu tam öyrənmək və əcdadlarımızın nəsillərdən-nəsillərə bu torpaqlarda dövlət yaratmalarını, buradakı xalqlara rəhbərlik etmələrini, həm bizdə, həm də qonşu regionlarda ciddi siyasi qüvvəyə sahib olmalarını göstərmək lazımdır.

“Yəni biz burada məsələnin hüquqi aspektləri barədə də danışa bilərik. İlk növbədə, bu, doğma torpaqlara qayıtmaq hüququdur. Bunun üçün əsası hər bir insana öz ərazisində yaşamaq, mal-mülkünə sahib olmaq hüququnu təmin edən Helsinki Yekun Aktı, Birləşmiş Millətlər Təşkilatının qətnamələri təşkil edir, əks halda bunun qarşılığı, kompensasiya ödənməlidir. Əks halda , tarixi tərkib olmadan hüquqi sənədlərdə azərbaycanlıların öz Vətəninə - Qərbi Azərbaycana qayıdışının mühümlüyünü əsaslandırmaq çətin olacaq. Beləliklə, məsələnin tarixi və hüquqi aspektləri ümumi kontekstdə ondan ötrü nəzərdən keçirilməlidir ki, beynəlxalq ictimaiyyət azərbaycanlıların qayıdış hüququnu və ya məhv edilmiş əmlakı üçün kompensasiya hüququnu təmin edə bilsin”, - deyə R.Hüseynov bildirib.

Tarixdə presedentlərin mövcudluğu barədə suala cavabında həmsöhbətimiz qeyd edib ki, sovet dövründə onlarca xalqın, o cümlədən Qafqaz xalqlarının deportasiyası həyata keçirilib. Sonra onlar qismən qayıdıblar, lakin təəssüf ki, tam kompensasiya və onların əmlakının bərpası təmin olunmayıb.

“Digər misal - Məhsəti türkləridir. Onların tarixi vətənlərinə - Gürcüstana qayıdışı çox az miqyasda başlayıb. Lakin burada da əmlakın qaytarılması, mədəniyyət abidələrinin, məscidlərin və sairin bərpası ilə bağlı hüquqi müstəvidə olduqca çox problem var. Görürük ki, nəzərdən keçirilən proses həmişə çətinliklərlə müşayiət olunub. Çünki bu cür proseslər çoxlaylıdır, çoxsəviyyəlidir və birbaşa dövlət dəstəyi tələb edir. Bizim dövlətin bu prosesdə bilavasitə marağı var. Ona görə də nəzərdə tutulanları həyata keçirmək üçün xüsusi maneələr yoxdur. Erməni millətçiləri azərbaycanlı əhalini təkcə indiki Ermənistan ərazisindən deyil, həm də Qarabağdan qovublar. Əgər Qarabağ erməniləri bizim ərazimizdə yaşamaq istəyirlərsə, o halda bu, bizə azərbaycanlı əhalinin Ermənistan ərazilərinə qayıdışını tələb etmək hüququ verir. Əgər İrəvan Qarabağ erməniləri üçün hansısa əlavə imtiyazlar təkid etməyə çalışarsa, Bakı azərbaycanlı əhalinin Qərbi Azərbaycana qayıdışını əsaslandırmaq üzrə öz səylərini birmənalı olaraq dəfələrlə artırmalıdır”, - deyə ekspert fikirlərini bildirib.

Prosesin vaxt çərçivəsinə gəlincə, R.Hüseynov hesab edir ki, yaxın bir neçə il məlumat toplamaq, bazanın, o cümlədən hüquqi, tarixi sənədlər bazasının yaradılmasına sərf olunacaq. “Biz beynəlxalq təşkilatlara qovulanların və onların nəsillərinin dəqiq siyahısını təqdim etməliyik. Söhbət böyük rəqəmdən - təqribən bir milyon insandan gedir. Qeyd etmək lazımdır ki, ən azı 2025-ci ilədək Azərbaycan əhalinin işğaldan azad olunmuş torpaqlara – Qarabağa qayıdışı prosesi ilə məşğul olacaq. Qərbi Azərbaycana qayıdış üçün paralel olaraq səylər göstəriləcək. Buna görə də bu gün heç kim konkret müddət barədə dəqiq danışa bilməz, lakin bu məsələyə təxminən 5-7 ildən də çox vaxt sərf oluna bilər”, - deyə Qafqaz Tarixi Mərkəzinin direktoru fikirlərinə yekun vurub.

Xudaferin.eu

16:34