Qolundakı zənciri öpən qulun qiyməti nə qədərdir?

Bir millət onu işğal etmiş imperiyanın atributlarını, işğalçılıq ideologiyasının sahibinin heykəlini baş kəndində əzizləyərək saxlayırsa, sizcə, o, öz kimliyini dərk etməkdən ötrü nə qədər yol getməlidir? 

Əgər bu sualım qaneedici dərəcədə izah olunarsa, yalnız o zaman növbəti sualımı verəcəm. İkinci sualımsa, təqribən belədir: İşğalçını evinin yuxarı başında oturtmuş millətin öz kimliyi ilə fəxr etməyə nə qədər haqqı var?

Yəqin bu yerdə mənə irad tutacaqsınız ki, başkəndi niyə ev adlandırıram. Elə isə deyim, bu iradınızda haqlı deyilsiniz. Vətən bizim öz evimizdir, qoynunda hər cür rahatlığını tapa bildiyimiz. Vətənə bundan savayı nəzər olanda, Vətənlə yurddaş arasında körpü qırılır yadlığın dərinliyinə görə.

Sualıma bir də bunu əlavə etməliyəm, hansı işğalçı özxoşuna işğal etdiyi torpaqdan çıxıb gedib? Loru dildə desək, donuz öz xoşuna darıdan çıxarmı? Bu yerdə tarixə qısa nəzər salacam: İngilis Hindistandan çıxdımı? Nədən Hindistanı misal çəkdim? Çünki Mahatma Qandi İngiltərənin Hindistanı zəbt edib mənimsəməsinə qarşı umummilli hərəkat təşkil etdi, hindlilər ingilislərin ölkəyə gətirdikləri texnikanı sındırır, ingilislərin müstəmləkəçiliyinə qarşı üsyan edirdilər. İngilis texnikasını sındırmaqla nə müasirliyə, nə də texnikaya qarşı durmurdular, sadəcə, bundan savayı səslərini eşitdirəcək etiraz hərəkəti tapa bilmirdilər.

Mənə qalsa, ingilisin yaratdığından üstün nəsə yaratmalıydılar ki, onun yerinə qoya bilsinlər. Yoxsa, elə göründüyü kimi, yenini yaratmayıb, köhnəni qırmaqla insan əsarətdən qurtulmaz, əksinə, əsarətin digər bir mərhələsinə atılar özü gözləmədən. Bəlkə, də bu, digər bir söhbətin mövzusudur, yəni inqilabların insanı gözlənilməz tora saldığını şərh etmək. Bu yerdə çoxumuza elə gəlir ki, mənim başladığım mövzu inqilabın gözlənilməzliyindən yan keçməklə davam etməlidir. Amma, mən bu məsələdə sizdən fərqli düşünürəm. İnsan var gücü ilə bir hakimiyyəti dağıdır, ona elə gəlir ki, məhv etdiyinin yerinə xəyalında yaratdığı ideal idareetməni qoyacaq və bununla da iş bitəcək. Yəni, inqilabı edən öz həyatını və həyətini özü idarə edəcək. Lakin adam unudur ki, heç bir inqilab insan yetişdirmir, o cümlədən inqilabı edən cəmiyyət formasını dəyişir, özünü dəyişmir və onun ağlına da gəlmir ki, əslində, cəmiyyətdəki mənfilik onun adam kimliyindən doğmuşdu. Sözsüz ki, adam bunu dərk etsə, cəmiyyəti devirmək üçün inqilab etməkdənsə, gücünü yaşadığı cəmiyyətdən və hamıdan ona yaxın olan ÖZÜNƏ sərf edər və özünü dəyişər.

2013-cü ildə Qırğızıstanda ailə planlaşdırılması ilə bağlı bir filmin təqdimatına dəvət almışdım. Filmin ssenari müəllifi və rejissoru İsveçin Rusiyadakı müxbiri Elin Yönsson idi. Yəni, rus bir xanım. Düzü, filmin nümayişinə qədər suallar içimi darmadağın etdi: rus jurnalistin qırğız həyatını hansı yöndən işıqlandıracağı məndən ötrü müəmmalı idi. Filmin ilk şəkli hətta yaşlı qocada belə həyat eşqi yaradacaq qədər romantik başlayırdı: 20 yaşlı oğlan (nənəm beləsinə bığ yeri təzəcə tərləmiş deyirdi) özündən yaşca kiçik bir qızla (nənəm buna da qızlar bulağından yenicə su içmiş deyirdi) Leninin əzəmətli heykəlinin altında oturub sevgidən danışır. Məlum məsələdi, kimin ayağının altında oturmasından asılı olamyaraq, yenicə nişanlanmış sütül gəncin bundan savayı hansı mövzusu ola bilər? Heykələ açıqlama: keçmiş rəhbər, türk millətinin qanına qənim kəsilmiş, indi spirtlənib Movzileydə saxlanılan kişi sol qolunun düppədüz açılıb irəliyə işarələnmiş heykəlini nəzərdə tuturam bu yerdə! Sovet rejiminin yetirməsi olan hər kəs mənim kimi bu heykəlin rəmzini yaxşı anlayır.

Related imageİlk şəkildən içimə şübhə toxumu səpildi: Əcabə, bu rus ssenaristi türkə mesajmı vermək istəyir imperiyasız yaşaya bilməzsiniz deyə? Türk özünü fərdi idarəyə sahib deyil… Rusdan ayrılsanız acından ölərsiniz və s. qara-qura sorğular içimdən qalxıb xirtdəyimdən tutub məni silkələyirdi. Bu yerdə mənə mühafizəkar millətçi damğası vurmağa tələsməyin! Bu sualların beynimi zəbt etməsinə köklü bir səbəb var, Azərbaycanın müstəqilliyi üçün biz unversitet tələbələri 1988-1991- ci illərdə çaba edərkən yaşlı nəslin bizə iradla söylədikləri “Ağılsızlar, deyib, rusdan ayrılsaq, acından ölərik!..” və s. bu kimi millətin özünə inamsızlığından doğan saysız tənə və söyüşlərlə rastlaşırdıq. Yenə qayıdaq kino zalına. Qarşımda durmadan fırlanan kino lenti ele bil xəncər olub beynimin qatlarını eşib qanadırdı. Filmin ilk şəklinin Lenindən başlaması mənə işıqlı mesaj ötürmədi filmin yaranması ilə bağlı. Baxmayaraq ki, mövzu dünyada çox aktualdır və həm də İsveçin dünyada tanınmış ailə planlaşdırılmasının böyük carçısı Hans Roslingin proqramlarını izləyib, onun müasir dünyada ailədə ikidən çox uşağın olmaması ilə bağlı ideyasının tərəfdarı kimi bu mövzuda olan hər hansı bir informasiya nəzər diqqətimi özünə çəkirdi.

Bundan əvvəl Banqladeş və Afrika ölkələrinin ailə-həyat tərzindən çəkilmiş sənədli filmləri izləmişdim. R.Hansın ailə planlaşdırılmasında dünyada artan insan sayının təşviş doğurması ilə yanaşı, ailədə övlad çox olarsa valideyinin uşaqlarına etdiyi fədakarlıq nəticəsində bir insan kimi özünü qurban verməsi də var. Bu da ən çox diqqətimi çəkən məsələdir Asif Ata fəlsəfəsini qəbul etmiş biri kimi bu məsələdə Hansı ikiəlli dəstəkləyirəm. Çünki insan dünyaya qurbanlıq kimi gəlməyib, qurbanlıqda insan artmır, azalır. Azalansa itir! Fədakarlıqsa insani haldır, lakin çoxları qurbanlığı fədakarlıq kimi anlayıb öz ömürlərini külə çevirirlər.

Gəl ki söhbət TÜRKÜSTANIN bir parçası olan Qırğızıstandan gedir. Bütün bunları beynimdə cəmləyərək tam varlığımla ekranı anbaan izləməyə başladım. Budur kino lenti fırlanır, əsrlərdi qanunlaşmış adət-ənənə öz növbəsi ilə davam edir. Sözsüz toydan sonra ortaya uşaq gəlməlidir, toydan dörd ay keçib gəlin nəslin davamçısını dünyaya gətirəcəyini artıq bəyan edir, lakin… ailənin özünü keçindirməyə gəlir yeri yoxdur. Ailə başçısı ayaqqabısını geyib yola düzəlir və gözyaşları içərsində buraxdığı xanımına: “Darıxma, sənə məktub yazacam!” -deyir.

Image result for kolelikTəbii ki, məktub mənəvi qidadır, heyif ki, maddini əvəz edəcəyi qədər qüdrəti yoxdur! Kişini yol aparıb çıxarır Moskvaya, ordakı həyat tərzindən yalnız bir şəkli sizə bəyan edəcəm: südəmər körpə, gənc kişilər, qadın və yaşlıların hamısının bir yerdə sayı 16 nəfər olmaq şərti ilə hamısı bir otaqda yatıb-dururlar. Həm də məlum olur ki, bu adamlar Moskvada tikinti işi ilə məşğuldurlar, əllərini şaxta kəsə-kəsə sement-qum qarışdırıb ev tikirlər, sonda da əmək haqlarını almağa müvəffəq ola bilmirlər. Sizi bilmirəm, hansı halı yaşadınız bu izahımdan, amma mən o səhnəni görəndə yaşdan dumanlanmış gözlərimi silmədən filmin ardını izləyə bilmədim.

Gənc oğlan bir gün bəy olduğu kimi, nəhayət yeni bir mərhələyə qədəm qoyur – ATA olur! Sözsüz, toydan 9 ay keçdiyi üçün nəslin davamçısı ortaya çıxmalıdır… Zaman tapdıqca sözünə əməl edib arvadına məktub yazır… Amma hər halda məktub çörək pulu olmasa da, lakin gənc qadın əri onu unutmadığından təskinlik tapır. Ata isə xısın-xısın ağlayır ki, hələ də oğlumun üzünü görməyib… Bu yerdə əlimin dalı ilə gözlərimi silib onunla birgə arvadının göndərdiyi 5 aylıq toppuş oğlan uşağının fotosuna baxıram. Həsrət və Moskvadakı alım-aldatmalar, mənəviyyatsızlığın püskürdüyü mühit onu dala Bişkəkə göndərir. Filmi bu yerdə saxlayıb xülasə verəcəm, axırda oğlan yenə Rusiyaya qayıdır, lakin bu dəfə tək yox, ailəsi ilə birgə.

Related imageRomantikadan reallığa – həyatın sərt üzünə əliyalın düşən gənc adam üç uşaq sahibi olur və üstəgəl müyəssər olur ki, Moskva küçələrində taksi surə… Film sübut edir ki, gənc adamın çatdığı bu hal onun səviyyəsində olan gənclər üçün əldə edə biləcəyi ən yüksək zirvədi. Sözsüz ki, gələcək üçün də heç bir planı yoxdur, bunu filmin sonunda rus ssenaristi çəkilişin nəticəsi kimi şərh edir. Həm də filmin təqdimatından sonra çəkiliş qrupu mənim kimi tamaşaçının gəldiyi qərarı söyləyir: müasir ailə fərdi özünü idarədən sonra qurulmalıdır, yoxsa sən hegemon dünyada ac akulaların qarın yemindən savayı bir şey deyilsən.

Açığını deyim ki, elə o filmə baxandan cavabını tapa bilmədiyim bir sual vardı: doğrudanmı, Lenin Qırğızıstanda yaşayır? Heykəl insanın ölümsüz rəmzi olduğu üçün utanmadan özümdən “yaşayır” sorurdum.

Nəhayət, 11 mayda sübh tezdən Bişkək hava limanına endim, məni qarşılayan Qəmzə xanım və Manas universitetinin hocası Zəki Sərvəroğlu bəydən ilk xahişim Leninin yanına məni götürmək istəyimlə bağlı oldu. İstəyimə iki gündən sonra çatdım… Ay aman, burda xəzinə varmış – tək Leninlə yox, Marks-Engelslə də yanaşı durmaq, rəssamların çəkib başkəndin mərkəzi parkında satdıqları kommunist ideologiyasının bütün şəxslərini ziyarət etmək nəsibim oldu. Başımın üstündəki “9 May Oteçestvennıy voyna!” plakatını oxumaqsa əsəblərimə iynə kimi sancıldı. Müstəqil bir ölkə nədən 1941-45 savaşını özünkü hesab etsin ki? Məgər Leninin işğalçılıq siyasətinin nəticəsi olaraq bu savaşa qoşulan əzizlərimizi itirmədikmi yad torpaqlarda? 1988-ci ildə bütün Sovetlərdə yaşayan respublikalar ayağa qalxıb öz azadlığını tələb edərək boynundakı, qolundakı zənciri qıraraq müstəqilliklərini ayrı-ayrılıqda əldə etdilər.

Image result for kolelikBu yerdə iki məsələni aydınlaşdırmağa ehtiyac var: Savaş və müstəqillik məsələsi. Birincisi, ikinci dünya savaşı dövründə 1939-45-ci illərdə bütün dünya faşizmə qarşı mübarizə aparırdı, baxmayaraq ki, siyasətin görünməyən tərəfində dünyanın yenidən bölüşdürülməsi dururdu. Bu iddianı açıq bəyan edən Almaniya idi, Rusiya isə öz torpaqlarını qoruyurdu.

Mənə qalsa, faşist faşistlə döyüşürdü! Mahiyyətinə baxsan kommunizm özü faşist ideologiyasi idi, həm də aysberq kimidir bu ideologiya. Faşizm kimi gerçek üzünü birbaşa görmək mümkün deyil, onun mahiyyətini görməkdən ötrü kommunistlərin əməllərini ardıcıl izləmək gərəkdir. Rus imperiyası 15 respublikanı silah gücünə faşistcəsinə bir vəhşiliklə 1922-ci ilin dekabrında SSRİ adlanan imperiyada birləşdirmişdi və ikinci dünya savaşında da bütün respublikalar kommunist faşistlərinin əmri ilə alman faşistlərinə qarşı mübarizə aparırdılar. Bu ideologiya bizə tutuquşu kimi öyrətmişdi ki: “SSRI mənim Vətənimdir!” Lakin bu gün sən qırğız, sən azərbaycan türkü müstəqil dövlət qurmusansa, Rusiyaya necə vətənim deyə bilərsən? Nədən o yalnış şüar və plakatları vətən divarlarından qoparıb atmayasan? Mən bu kimi şuarları ölkənin baş kəndində görərkən, işğalçılıq siyasətinin mürgülədiyini, imkan düşən kimi ayılacaq təhlükəsini görürəm. Rusiya bünövrədən imperiya kimi qurulub, imperiyanın mahiyyəti tərkibində olan millətləri əsarətdə saxlamaq, hakim millətin mənafeyi üçün əsarətdə olan milləti mənimsəməkdir. 70 ildə bu siyasəti yürütdü, bu gün də bu mənfur iddiasından əl çəkməyib. Çəksəydi, əks halda Qarabağ müharibəsini həll edərdik və ya Qarabağ problemi heç törəməzdi.

Sonrakı ziyarətim qırğız yazıçısı Çingiz Aytmatovun məzarı oldu. O, vəfat edərkən “məni atamın yanında dəfn edin” – demişdi. Maraqlıdır ki, onun atasın dəfn olunduğu yer əslində məzarlıq deyil. Bəs, nədir? Qəmzə xanım Qırğızıstanın geniş çölləri ilə maşını Tiyan-Şana – türkün Tanrı Dağına sürdü. Dagın ətəyində salınmış Ata məzarlığının tarixini danışanda Hüseyin Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz və bu kimi 30 mindən artıq aydınımızın 1918-40-cı illərdə günahsız, gizlin, kimsəsiz erməni daşnakları və rus kommunistləri tərəfindən öldürülməsini o söhbətlə paralel xatırladım, türk dünyasındakı məkandan asılı olmayaraq, eyni taleyi yaşayıb bizim türk aydınları da.

Həmsöhbətimin dedikləri: 1937-ci ildə 138 nəfər qırğız aydınını rus kommunistləri iclas keçirmək adı ilə bir gecədə bir yerə cəm edirlər. Sonra onların əl-qolunu kəndirlə bağlayıb, bu Tanrı dağının ətəyindəki kərpic istehsal edilən zavoda gətirirlər. (Aşağıda şəklini gördüyünüz kərpicli mağara həmin zavodun qalıqlarıdır). Onları güllələyib şəkildə göründüyü kərpic bişirilən qazana tökərək üstlərini torpaqlayırlar. Bütün ölkə bu müdhiş gecənin doğduğu eybəcər övladdan xəbərsiz idi, lakin heç kimin ağlına gəlməyən gizli bir məkandan bu olayı müşahidə edən zavodun gecə gözətçisi olur. O da ölüm qorxusundan bu hadisəni heç kimə danışmır. Yalnız ölüm yatağında olarkən sirri qızına açıqlayır. Hadisə zamanı 5-6 yaşında olan qızı, atası vəfat edərkən sirr saxlayacaq qədər yetkin idi. Adam hadisəni danışır və qızına deyir: “Bir gün gələcək Qırğızıstan azad bir dövlət olacaq, o zaman bu hadisəni dövlət yetkililərinə bildir.” 90-cı illərin əvvəllərində qırğız xalqının da bəxtinə gün doğur, onlar hadisədən xəbərdar olub Tanrı dağındakı kərpic zavodunun qazanının üstünü açırlar. Adamların sümükləri, ciblərindəki sənədlər, ayaqqabıları fakt kimi qalır. Onların içində Qırğızıstanın təhsil naziri olmuş Çingiz Ayıtmatovun atası, onun cibindən adının Trekul Aitmatov yazıldığı kağızı güllə dəlib keçmişdi, amma ad aydın oxunurdu. Həmin adamların sümükləri zavodun həyətində, üstlərindən nişanə kimi qalan əşyalar isə elə ordaca açılan xatirə muzeyində saxlanılır. 74 il sonra Çingiz Aytmatov nəhayət, atasına qovuşur.

Related imageƏhalisinin sayına görə sıxılığı az, lakin geniş əraziyə malik olan Qırğızıstan, əsasən əkinçilik və maldarlıqla məşğuldur. Düşünürəm, qırqız xalqı xammal satışından məhsul istehsal edən dövlət səviyyəsinə çoxdan keçməli idi. Dünyada xammal satan dövləti üçüncü yerdən ikinciyə yalnız özü keçirə bilər, əgər keçməzsə, o zaman boyunduruqdan boyunduruğa asan ilişdirərlər.

70 il dağa çəkilib Qırmızı Ordu (Bizim yaltaq və yala aldanan tarixçilərimiz onu Qızıl Ordu adlandırırdı, 20 Yanvar və Xocalıdan sonra biz ona Qanlı Ordu deyirik) üçün at yetişdirən qırğız türkləri indi Bişkəkə köçüblər. O dönəmdə isə şəhər bütünlüklə rusların və qeyri-qırğız xalqının əlində olub. Yadınızdadısa, 70 ildə Bakı da ruslaşmışdı, 1907-ci ildə Sank-Peterburqda keçirilən bir gizli iclasda Bakının gələcək taleyi həll olunmuşdu: türklər Bakıdan çıxarılır, qeyri-türk millətlər Bakıya yerləşdirilir. Sözsüz ki, burda bizim “qonaqpərvərliyimizə” də hesablanmış bir şeylər var idi. Bu iclasın nəticəsi olaraq 1918-ci ildə ermənilər başkəndə sahiblik etməyə başladılar və artan iddiaları Bakı kütləvi qırğınının nəticəsi olaraq 10 mindən artıq adamın qətliamı ilə bitdi.

1980-ci illərdə BMT-nin Millətlər üzrə Komissiyasının verdiyi məlumata görə, 50 ildən sonra qırğız dili ölü dillər sırasına keçəcəkdi. Qeyd etdiyim kimi, bu dildə danışanların sayı get-gedə azalırdı. 1997-ci ildə Türkiyə Bişkəkdə Manas Universitetini təsis edərək qırğız dilini bilənlərin burda təhsil almalarını şərt kimi qarşıya qoymuşdu.

Türk Dünyasındakı türklər bir-birinin taleyinə biganə qalmamalıdır, bəsdir ayrı-ayrılıqda əzilib, əridiyimiz!

Xudaferin.eu

 

13:33