Qənirə Paşayeva: Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür

Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür. Çox xoşbəxtəm ki, gənclik illərimdə o böyük şəxsiyyətin xarici səfərlərində iştirak edən jurnalistlərdən biri olmuşam. Həmin səfərlərdə, eləcə də respublika əhəmiyyətli tədbirlərdə ümummilli lider Heydər Əliyevə sual vermək və böyük insanın cavabını dinləmək imkanına və şərəfinə nail olmuşam. Ulu Öndərlə ünsiyyət onun düşüncə miqyasını, təfəkkür diapazonunu, dövlət xadimi olaraq peşəkarlığını və vətəndaş cəmiyyəti təmsilçilərinə yüksək səmimi münasibətini ifadə edirdi.

“Azərbaycan dünyaya günəş kimi doğacaq!”, - deyən Liderin özü xalqın parlaq günəşi idi. Xalqımızın xoşbəxtliyi ondadır ki, ölkəmizə rəhbərliyi Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev edir.

Ulu Öndər 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyib. Təbii ki, dahi şəxsiyyət, müdrik siyasi xadim bu fikirlərində heç vaxt yanıla bilməzdi.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi uğurlar o ümidin, inamın təntənəsi və yüksək təsdiqidir”, - deyən Q.Paşayeva vurğulayıb ki, Azərbaycanımızın qazandığı böyük nailiyyətlərin təməlində Heydər Əliyev siyasəti və dövlət idarəetmə məktəbi, Heydər Əliyev irsi dayanır. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizin sevincini Heydər Əliyevin ruhu ilə bölüşməyimiz də xalqımızın qədirbilənliyinin, siyasi yetkinliyinin, dövlətçilik təfəkkürünün ifadəsidir. 2020-ci il noyabrın 8-də Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsindən dərhal sonra Ümummilli Liderin məzarını ziyarət edən Azərbaycan Prezidenti atasının vəsiyyətini yerinə yetirdiyini qürurla bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Komitə sədri qeyd edib ki, Heydər Əliyevin həyatı məktəbdir. Heydər Əliyev məktəbi öyrənmək, öyrətmək, xeyirxahlıq və xidmət etmək istəyən bütün Vətən övladlarının üzünə açıqdır. Heydər Əliyev məktəbinin qapısı zəka və inkişaf qapısıdır.

Çağdaş Azərbaycanın yeni inkişaf tarixi Ümummilli Liderin adı ilə sıx bağlıdır. 29 il əvvəl - 1993-cü ildə böyük səs çoxluğu Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində həyatının sonuna qədər xalqına sədaqətlə xidmət edəcəyini və bütün fəaliyyətini Azərbaycanın gələcək inkişafına həsr edəcəyini bildirmişdi.

Ulu öndər Heydər Əliyev siyasi sabitliyin təminatçısı idi. O, ölkəmizə rəhbərliyi dönəmində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkəmizin gələcəyini, inkişaf strategiyasını müəyyənləşdirdi, həmin strategiyanın həyata keçirilməsi üçün mühüm addımlar atdı.

Q.Paşayeva diqqətə çatdırıb ki, Ümummilli Liderin ikinci dəfə ali hakimiyyətə gəlişindən sonra çağdaş Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Zəmanəmizin böyük azərbaycanlısı, ilk növbədə, respublikamızda ictimai-siyasi sabitliyin bərpa olunması yönündə gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Bu isə öz növbəsində, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən önəmli amil idi.

“Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını yaratdı. Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, çağdaş Konstitusiyasının hazırlanması və geniş müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarılaraq qəbul edilməsi oldu. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu yönündə davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin öz yerini alması üçün əsaslı zəmin yaratdı. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində respublikamızın siyasi-hüquqi sistemində müsbət anlamda əsaslı dəyişikliklər baş verdi. Ardınca isə müstəqil dövlətin hüquqi bazasının gücləndirilməsi yönündə növbəti zəruri addımlar atıldı - məhkəmə islahatları həyata keçirildi; Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı; ölüm hökmü ləğv edildi və bu kimi onlarla digər inqilabi xarakterli demokratik təşəbbüs və ideyalar həyata keçirildi.

Ardıcıl, düşünülmüş siyasət nəticəsində iqtisadi müstəqilliyin təmin olunması strategiyası, o cümlədən 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması, ölkəmizin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi olaraq həqiqətə çevrildi”, - deyə Q.Paşayeva qeyd edib.

Onun sözlərinə görə, Ulu Öndərin sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində layiq olduğu yeri tuta bildi. Ölkənin daxili siyasətində isə görülən işlərin miqyası çox böyük idi - ordu quruculuğuna ayrılan xüsusi diqqət, milli mətbuata göstərilən dəstək (o cümlədən KİV üzərində senzuranın ləğvi), ölkədə milli həmrəyliyim təmin edilməsi, o cümlədən birləşdirici azərbaycançılıq məfkurəsinin inkişafı, milli birlik rəmzinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Dünya Azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, həmçinin Azərbaycan dili ilə bağlı tarixi təşəbbüslər və müvafiq fərmanlar, digər hüquqi aktların qəbulu, gənc nəslə diqqət və qayğının təmin edilməsi, müvafiq sahədə siyasəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması, müstəqil Azərbaycan gənclərinin forumlarının keçirilməsi, gənc yazarlar üçün Prezident təqaüdünün təsis edilməsi məhz ümummilli lider Heydər Əliyevin tükənməz enerjisinin, parlaq zəkasının, uzaqgörən siyasətinin bəhrəsidir.

Qənirə Paşayeva vurğulayıb ki, yuxarıda sadalananların hər biri ayrı-ayrılıqda böyük hadisələrdir. Bu işlər bir-birini tamamlayan, üzvi surətdə əlaqəli olan hadisələr - bir bütövün parçalarıdır.

Xudaferin.eu

14:09