Qarabağın dirçəldilməsi Vətən müharibəsində qazanılmış Qələbənin nəticələri qədər önəmli və faydalıdır

Xəbər verildiyi kimi, martın 3-də işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti – 4-cü iclası keçirilib. Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qərargahın yaradılmasında məqsəd Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi ərazilərdə mərkəzləşdirilmiş qaydada, planlı və ardıcıllıqla genişmiqyaslı tikinti-quruculuq işlərini həyata keçirmək, həmçinin Qarabağın reinteqrasiyasına nail olmaqdır.

Vətən müharibəsindən sonra Qarabağın dirçəldilməsi Azərbaycan dövləti üçün prioritet təşkil etdiyi üçün Qərargahın qarşısında daha mühüm məsələlər dayanır. İndi Qarabağın dirçəldilməsi üçün bölgədə həyata keçirilən bütün layihələr Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq icra edilir. Martın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xarici media təmsilçilərinin səsləndirdiyi çoxsaylı suallardan da göründüyü kimi, yalnız Qarabağ müharibəsinin gedişatı və nəticələri deyil, həm də postkonflikt dövründə bölgədə icra ediləcək layihələr, onların Cənubi Qafqaz regionunun ümumi inkişafına təsirləri böyük maraq doğurur. İndi Qarabağın dirçəldilməsi və bu bölgənin sosial-iqtisadi və mədəni inkişafı 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbənin nəticələri qədər önəmli və faydalıdır. Bu baxımdan ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, müharibədən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpası istiqamətində qarşılaşdığı ən böyük çətinliklərdən biri Ermənistanın 30 ilə yaxın bir müddətdə faktiki nəzarətində saxladığı ərazilərdə minaladığı sahələrin xəritəsini təqdim etməməsidir. Məhz bu səbəbdən hətta müharibə başa çatdıqdan sonra da Qarabağda müəyyən tikinti işlərini həyata keçirmək həmin ərazilərin təhlükəsizliyini təmin etmədən qeyri-mümkündür.

Mövcud imkanlarla Qarabağın minalardan təmizlənməsi uzun müddət tələb etdiyi üçün Azərbaycan dövləti bu sahədə səylərini və yerli kadr hazırlığını artırmaq, həmçinin xarici ölkələrin köməyindən istifadə edərək məsələnin həllinə daha qısa müddətdə nail olmaq fikrindədir. Müharibədən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problem sözsüz ki, işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti ilə bağlıdır. Son 30 ilə yaxın bir dövrdə işğalçılıq siyasətini davam etdirən Ermənistan regionda nəinki infrastrukturu inkişaf etdirməyib, əksinə həmin ərazini tamamilə xarabalığa çevirib.

İşğal dövründə Ermənistan Azərbaycanın tarixi-mədəni irsinə, mədəni və mülki obyektlərinə qarşı vandallıq nümayiş etdirib, həmin ərazilərdə ekoloji terroru davam etdirərək, Qarabağı böyük təhlükə və fəlakət zonasına çevirib. Təbii ki, Azərbaycan 30 illik işğala son qoyaraq özünün ərazi bütövlüyünü təmin etdiyi kimi, həmin əraziləri də bərpa edərək əhalinin öz doğma yurdlarına qayıdışını təmin edəcək, amma istənilən halda bunun üçün ciddi siyasi iradə, iri həcmdə maliyyə resursları və böyük sayda əmək ehtiyatları tələb olunacaq ki, bütün bunlar da Azərbaycanda var. Ona görə də bu prosesin uğurla başa çatacağına heç kəsdə şübhə yoxdur. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və Qarabağın bərpasından sonra, böyük əhəmiyyət kəsb edən ən önəmli məsələ ölkə vətəndaşlarının qayıdışını təşkil etməkdir. Sözsüz ki, yüz minlərlə vətəndaşın geri qayıtması mürəkkəb prosesdir və bu Azərbaycan dövlətindən böyük səylər tələb edəcək.

30 ilə yaxın məcburi köçkünlük dövründə Qarabağ əhalisinin respublikanın fərqli təbii-fiziki və iqtisadi-coğrafi rayonlarında məskunlaşması iqtisadi fəal əhali üçün tamamilə yeni əmək bacarıqları formalaşdırıb. Əgər nəzərə alsaq ki, Qarabağda müasir urbanizasiyanın ən müasir yanaşması olan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra ediləcək, o zaman regionun məskunlaşmasında əmək bazarının tələblərinə uyğun yeni bacarıqlar və vərdişlər tələb olunacaq. Qarabağa qayıdacaq əmək qabiliyyətli vətəndaşlarda əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və vərdişlər formalaşdırmaq, onların işlə təminatı və məşğulluq məsələlərinin həlli Azərbaycan dövləti qarşısında duran prioritetlərdəndir.

 

Rauf Hacıyev

Xudaferin.eu

 

12:21