Qarabağa, Şərqi Zəngəzura qayıdışın Müstəqillik Günündən başlaması tarixi hadisədir, mühüm siyasi mesajdır

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müstəqillik Günü ərəfəsində Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Bu, heç şübhəsiz ki, cənnətə çevrilən Qarabağa və Şərqi Zəngəzura qayıdışı simvolizə edən hadisə oldu. Xüsusi olaraq vurğulanmalıdır ki, Qarabağa qayıdışın məhz Müstəqillik Günündən başlaması da tarixi hadisə və mühüm siyasi mesajdır.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Zəngilan rayonunun erməni vandallarının dağıdıcılıq və ekoloji terror əməllərinə məruz qalması, bütün kəndlərin yerlə-yeksan edilməsi, tarixi-dini abidələrin məhv olunması heç kəsə sirr deyil. Lakin işğaldan azad olunmuş digər ərazilər kimi Zəngilanda da bu gün abadlıq-quruculuq işləri həyata keçirilir. Birinci pilot layihə olaraq Zəngilanda, Ağalı kəndində icra edildi və bir il öncə başlanmış inşaat işləri nəticəsində 200 evdən ibarət gözəl kənd salınıb. “Ağıllı kənd”in genişləndirilməsi və əlavə 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Həmçinin məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri də artıq “Ağıllı kənd”də mövcuddur. Eyni zamanda, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri başlanıb, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də əsaslı şəkildə təmir olunur. Həmçinin Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat və dəmir yolu infrastrukturu, bu il istismara veriləcək Zəngilan Beynəlxalq Hava Limanı da var.

Hazırda bərpa işləri aparılan işğaldan azad olunmuş ərazilərin miqyasının dörd Lüksemburq ölkəsinə və ya bir Livan ərazisinə bərabər olduğunu vurğulayan Ramil Vəlibəyov əlavə edib: “İşğaldan azad olunmuş ərazilərin bərpası nəticəsində insanların doğma torpaqlarına qayıtması reallaşmaqdadır. Həyata keçirilən işlər və perspektiv planlar işğaldan azad olunmuş ərazilərə qayıdacaq insanların təhlükəsizliyinə və firavan yaşayışına xidmət edir. İlk nümunə də elə Zəngilan rayonu, Ağalı kəndidir. Ümumilikdə Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilərlə bağlı Azərbaycanın planlarını görə bilər”.

Xudaferin.eu

16:47