Publisist Eren Umurbilir: Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər

Təcavüzkar Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və Azərbaycana qarşı yürütdüyü davamlı hərbi təxribatlar nəticəsində yaranmış qarşıdurma və 44 günlük Vətən müharibəsinin rəşadətli qələbə ilə başa çatması beynəlxalq mediada Azərbaycan həqiqətləri ilə bağlı yeni bir mənzərə yaradıb. Azərbaycanın çoxistiqamətli media siyasəti Ermənistanın işğalçılıq siyasətinin yaratdığı dəhşətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması istiqamətində mühüm addımlar atılır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, publisist Eren Umurbilirin qələmə aldığı “Azərbaycanın qeydləri: ermənilərlə birlikdə yaşamağın yolu açılırmı?” sərlövhəli məqalədə deyilir ki, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən atası, əmisi, nənəsi, xala və bibilərini amansızcasına qətlə yetirilən Samirə Hüseynova həmin dəhşətləri 12 yaşı olanda görüb. İndi o kimya müəllimi olaraq məktəbdə çalışır və ən böyük arzusu Xocalıda yaşanan dəhşətlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. Yuxarıdakı sətirlərlə sülhün və birgə yaşayışın çətinlikləri barədə aydın təsəvvür yaratmağa çalışan müəllif Eren Umurbilir sonra müsahibinin fikirlərini belə təqdim edir: “Bu ağırlıqlar insanın dünyasını alt-üst edir. Psixoloqa nə qədər müraciət etdimsə də, yaşananları həyatımdan çıxara bilmirəm. Biz Xocalıya yenidən dönəcəyik və o zaman orada erməni görmək istəmirəm. Xocalıdan 47 qohumum var, onların da heç biri istəmir”.

Beynəlxalq Qəzetçilər Şurasının xətti ilə Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycanda olan publisist Eren Umurbilir Prezident İlham Əliyevin fevralın 26-da xarici və yerli mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak etdiyini, dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini ifadə edərək diqqətə çatdırır ki, Azərbaycan mövqeyi dəyişməzdir: Xocalı soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab versinlər. Bir daha yer üzündə Xocalı soyqırımı kimi cinayətlər baş verməsin.

Ermənistanın keçmiş prezidentləri Koçəryan və Sarkisyanın Xocalı soyqırımının törədilməsində iştirakını, hazırkı baş nazir Paşinyanın təxribatçı əməllərini faktlarla oxuculara çatdıran müəllif xatırladır ki, hazırda Azərbaycanda otuz minə yaxın erməni yaşayır. Onların hüquqları və təhlükəsizliyi təmin edilir.

Məqalədə 44 günlük rəşadətli Vətən müharibəsinə geniş yer ayıran Eren Umurbilir Azərbaycanın nikbinliyini diqqətə çatdırır. İşğaldan azad olunan torpaqlardakı bərpa və quruculuq işləri Azərbaycanın qətiyyətinin və nikbinliyinin göstəricisidir.

Sabir Şahtaxtı

Xudaferin.eu
 

13:04