Pərvin Kərimzadə: Şuşada keçirilən Zəfər Qurultayı mühüm siyasi və tarixi əhəmiyyətə malikdir

Zəfər Qurultayı milli birlik nümayiş etdirən, Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayan diasporumuzun tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk böyük görüşü oldu. Dünya Azərbaycanlılarının birlik tədbirinin Zəfərimizin rəmzi olan Şuşada keçirilməsi siyasi əhəmiyyətə malik olan hadisə kimi tarixə yazıldı. Eyni zamanda, böyük Zəfərdən sonra Dünya Azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi rəmzi məna daşıyır. Hər bir azərbaycanlı üçün qürurverici tədbir olan Zəfər Qurultayı 30 ildən sonra Şuşada Dünya Azərbaycanlılarını bir araya gətirərək, Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəylimizin növbəti təsdiqi oldu.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, azərbaycanlıların həmrəylik modelinin, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin əsasını qoyan və uğurla inkişaf etdirən ulu öndər Heydər Əliyev həmrəylik ideyasının reallaşması üçün dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların vahid təşkilati strukturda birləşməsini vacib məsələ kimi diqqətdə saxlayırdı. Ümummilli Lider azərbaycanlıların həmrəylinin əsas prinsiplərini belə ifadə edirdi: “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.

Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün Dünya Azərbaycanlılarının dərin rəğbətini qazanıb. Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı çıxışında deyib: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir”.

Prezident İlham Əliyev Zəfər Qurultayında xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs etdi. Azərbaycan Prezidenti Qurultayda konseptual xarakterli nitqində postmünaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin mövqeyi haqqında fikirlərini ifadə etdi. Zəfər Qurultayından Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlanıb: “Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”.

Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqi Azərbaycan diasporunun gələcək fəaliyyətinin yol xəritəsi oldu. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların imkanları genişdir. Harada yaşamasından asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi gələcəkdə də davam edəcək. Axı, milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur.

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ulu öndər Heydər Əliyevin fəxrlə səsləndirdiyi bu kəlamlar bu gün olduğu kimi gələcəkdə də hər bir soydaşımız üçün milli qürur rəmzi olacaq.

Xudaferin.eu

11:30